Azərbaycanın qarışıq döyüş növləri (MMA) idmançısı Nazim Sadıxovun ABŞ-nin Las-Veqas şəhərində keçirilən “UFC 323” turnirində fransalı Fares Ziamla döyüşdən nə qədər qazandığı məlum olub.
İdman.Biz-in “SportySalaries” nəşrinə istinadən verdiyi məlumata görə, N. Sadıxov Ziamla qarşılaşmaya görə 65 min dollar(təxminən 110 min manat – red.) alıb. Azərbaycanlı yüngül çəkili idmançı həmin döyüşü texniki nokautla uduzub.
Bu məbləğə 60 min dollar məbləğində zəmanətli qonorar və 5 min dollarlıq sponsor ödənişləri daxildir.
Döyüşün qalibi rəqibindən xeyli çox - 210 min dollar(357 min manat – red.) qazanıb. Bunun 100 mini qonorar, 100 mini qələbəyə görə bonus, 10 mini isə sponsor ödənişi olub.
Turnirin ən yüksək qonorar alan döyüşçüləri isə əsas qarşılaşmanın iştirakçılarıdır. UFC-də yengil çəkidə çempion titulunu qaytaran Piotr Yan 1.43 milyon dollar qazanıb. Bu məbləğə 500 min dollarlıq zəmanətli qonorar, 32 min sponsor ödənişi, 50 min UFC bonusu və 850 min dollar yayım satışlarından gəlir daxildir.
Merab Dvalişvili isə bu göstəricini üstələyərək 2,34 milyon dollar qazanıb: 750 min zəmanətə görə ödəniş, 42 min sponsor gəliri, 50 min bonus və yayım satışlarından 1,5 milyon dollar pay.
Qeyd edək ki, UFC-nin Bakıda keçirilən turnirinin ulduz qonağı olan Dvalişvilinin qonorarı daha yüksək olub. Bunun səbəbi UFC-nin onu media tərəfindən tanınan və kommersiya baxımından cəlbedici döyüşçü kimi qiymətləndirməsidir: böyük azarkeş kütləsi, qələbə seriyası, sosial şəbəkələrdə aktivlik və liqanın güclü təbliğatı onun kommersiya dəyərini artırır. Nəticədə menecerləri yayım satışlarından daha sərfəli pay şərtləri əldə ediblər və bu da Dvalişvilinin yekun gəlirlərinin P.Yanın göstəricilərini üstələməsinə səbəb olub.
Teymur Tuşiyev
