Azərbaycanın MMA döyüşçüsü faciəli şəkildə ölən qardaşının xatirəsinə zal açır - Şəhriyar Abbasov İDMAN.BİZ-ə DANIŞDI

Xəbərlər
10 Oktyabr 2025 18:12
63
Azərbaycanın MMA döyüşçüsü faciəli şəkildə ölən qardaşının xatirəsinə zal açır - Şəhriyar Abbasov İDMAN.BİZ-ə DANIŞDI

Azərbaycanın qarışıq döyüş növləri (MMA) üzrə idmançısı Nəriman Abbasov şəxsi zalını açır.

Bu barədə İdman.Biz-ə Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov məlumat verib.

Yeni başlayan və gənc MMA döyüşçülərinin məşq edə biləcəyi zalın açılışı gələn həftə baş tutacaq.

Zal Bakının Yeni Ramana qəsəbəsində fəaliyyət göstərəcək və “Arzuman MMA Fitness” adlanacaq. Nəriman Abbasov zalı 2020-ci ilin fevralında dəm qazından boğularaq faciəli şəkildə dünyasını dəyişən kiçik qardaşı Arzumanın xatirəsinə həsr edib.

Xatırladaq ki, Nəriman Abbasov sonuncu dəfə 2024-cü ilin dekabrında Moskvada keçirilən döyüşdə rusiyalı Marif Pirayevə hakimlərin öz aralarında fikirlərinin bölünməsi nəticəsində verilən yekun qərarla uduzub. Həmin vaxt azərbaycanlı döyüşçünün komandası hakimlərin qərarı ilə razılaşmamış və turnirin təşkilatçılarını qərəzli davranışda ittiham etmişdi.

Hazırda Nəriman Abbasovun oktaqona nə vaxt qayıdacağı bəlli deyil. Şəhriyar Abbasovun sözlərinə görə, idmançının bütün fikri hazırda zalın açılışına və fəaliyyətə başlamasına yönəlib. Artıq gələn il o, qərar verəcək - karyerasını bərpa edəcək, yoxsa tam şəkildə məşqçilik fəaliyyətinə fokuslanacaq.

Teymur Tuşiyev

İdman.Biz

Məqalədə: