Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionu imiş - VİDEO

10 Avqust 2026 11:23
180
Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionu imiş - VİDEO

Ötən gün Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub.

İdman.Biz Gencexeber.az-a istinadən xəbər verir ki, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.

Qızın nənəsi Gülnaz Məmmədova açıqlamasında bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib:

“Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”.

Nənəsi onu da bildirib ki, nəvəsi idmançıdır, bir neçə yarışın qalibi olub.

O, Gülnazın bu il 11 ci sinfi bitirdiyini də deyib.

Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.

Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.

Məlumat üçün əlavə edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Bu gün səhər saatlarında Samuxda Kürdə batan 17 yaşlı qızın meyiti tapılıb. Suda batan Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü G. Məmmədovanın meyiti sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

İdman.Biz