Almaniyada yaşayan azərbaycanəsilli kikboksçu Rəvan Abbaszadə dünya çempionu olub. 18 yaşlı idmançı qələbəsini rinqdə Azərbaycan bayrağı ilə qeyd etməklə diqqət çəkib. O, 9 yaşından Almaniyanın Geseke şəhərində yaşayır, bir neçə döyüş növü ilə məşğul olur və Azərbaycanın titullu idmançılarından birinin rəhbərliyi altında məşq edir.
Rəvan Abbaszadə İdman.Biz-ə müsahibəsində idman karyerasından, Azərbaycanı təmsil etmək istəyindən və Almaniyada döyüş növləri üzrə hazırlıq sisteminin xüsusiyyətlərindən danışıb.
Rəvan idmana 13 yaşında başlayıb. İlk olaraq kyokuşin karate ilə məşğul olub. Onun məşqçisi Azərbaycanın dəfələrlə çempionu və Avropa çempionu olmuş həmyerlimiz Eltac Hümbətov olub. Abbaszadə Hümbətovun Almaniyada açdığı akademiyanın ilk yetirməsi sayılır. Məşqçi ona idmanın əsaslarını sıfırdan öyrədib. Gənc idmançı hesab edir ki, Almaniyada belə səviyyəli mütəxəssis tapmaq asan deyil.

Zamanla Rəvan digər döyüş növlərinə də maraq göstərib. O, kikboksinqin K-1 növü və boksla da məşğul olmağa başlayıb. Kyokuşin karate və kikboksinq üzrə Almaniya çempionu olan idmançı beynəlxalq yarışlarda da uğurlu nəticələr əldə edib.
Hazırda onun əsas diqqəti K-1 növünə yönəlib. Bu ilin oktyabrında Almaniyanın Mülhaym şəhərində keçirilən WFMC versiyası üzrə kikboksinq dünya çempionatında qızıl medal qazanıb. Abbaszadə 18-35 yaş kateqoriyasında, 75-80 kq çəki dərəcəsində mübarizə aparıb.
“Bu qələbə mənim üçün çox böyük əhəmiyyət daşıyır. Çünki onun arxasında saysız-hesabsız məşqlər və ağır zəhmət dayanır. Bu, son nöqtə deyil, daha böyük hədəflərə doğru atılmış addımdır. Belə nəticələr məni inkişaf etməyə, yeni titullar qazanmağa və beynəlxalq arenada özümü göstərməyə həvəsləndirir”, - deyə o bildirib.

Rəvan Abbaszadə Almaniyada azərbaycanəsilli idmançıların kifayət qədər çox olduğunu vurğulayıb. Onun fikrincə, bu idmançıların yerli yarışlarda iştirakı həm yaşadıqları ölkədə özlərini göstərmək, həm də Azərbaycanı layiqincə təmsil etmək imkanıdır.
“Almaniyada döyüş növlərinə böyük maraq var. Ölkənin hər yerində fitnes klubları və döyüş zalları fəaliyyət göstərir. Hətta yaşadığın ərazidə belə zal yoxdursa, yaxınlıqda tapmaq mümkündür. MMA, boks və kikboksinqə xüsusi diqqət ayrılır. Bu növlərdə uğurlu idmançılar çoxdur. Amma onların bir çoxu başqa ölkələrdən gəlib”, - deyə həmyerlimiz qeyd edib.
İdmanla yanaşı, Rəvan gimnaziyada təhsil alır və buraxılış imtahanlarına hazırlaşır. Gələcəkdə biznesin idarə edilməsi sahəsində ali təhsil almağı planlaşdırır. O, idmanla təhsili uğurla birləşdirməyin mümkün olduğuna inanır.
“İdmanda böyük hədəflərim var. Bununla yanaşı, yaxşı təhsil almaq və gələcəyimi qurmaq istəyirəm”, - deyə gənc kikboksçu əlavə edib.

Həmyerlimiz Almaniyada idmana tam vaxtını ayıran idmançıların olduğunu, lakin təhsilin də təşviq edildiyini bildirib.
“Məktəbdə idmançılara xüsusi güzəştlər edilmir. Amma yarışlara görə dərsləri buraxmalı olduğumu izah edəndə kömək etməyə çalışırlar. Almaniyada təhsilə böyük önəm verilir və idmançılar da oxumağa həvəsləndirilir. Çünki savadlı idmançı baş verənləri daha yaxşı anlayır, təhlil edir, yeni fikirlər irəli sürür və bunları idmanda tətbiq edə bilir.
Mənim üçün də təhsillə məşqləri bir arada aparmaq həmişə asan olmur. Bəzi günlər müxtəlif istiqamətlər üzrə ardıcıl iki məşq keçirəm. İnanıram ki, intizam və vaxtın düzgün bölüşdürülməsi ilə hər sahədə uğur qazanmaq mümkündür”, - deyə o bildirib.
Rəvan Abbaszadənin sözlərinə görə, Almaniyada məşqlər zamanı kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilir. Bu yanaşma texniki hazırlıqda da özünü göstərir. Məsələn, zərbələrin məşqində ilk növbədə gücə deyil, düzgün texnikaya diqqət yetirilir. Uşaqlarla işləyən məşqçilərin əsas məqsədi isə ilkin mərhələdə onlarda idmana sevgi yaratmaqdır.
“Almaniyada idman təkcə qələbələr üzərində qurulmayıb. Başlanğıcda əsas məsələ uşağın həqiqətən idmanla məşğul olmaq istəməsidir. Təzyiq, qışqırıq və məcburiyyət marağı öldürür.
Mən 13 yaşımda idmana başlayanda marağımı əyləncəli tapşırıqlar qoruyurdu. Zaman keçdikcə yanaşma daha ciddi olur. Almaniyada idmançılar bacarıq və təcrübələrinə görə A, B, C və D kateqoriyalarına bölünürlər. Peşəkar səviyyədə, məncə, idmançı döyüşə qələbə üçün çıxmalı və rinqdə heç bir şübhəyə yer qoymayacaq şəkildə hazırlaşmalıdır. Amma əsl idmançı məğlubiyyəti də ləyaqətlə qəbul etməyi bacarmalıdır. Çünki ondan nəticə çıxararaq daha da güclənmək mümkündür”, - deyə Abbaszadə fikirlərini bölüşüb.

Almaniyanın hazırlıq sisteminə alışsa da, yarışlarda bu ölkənin adından çıxış etsə də, Rəvan köklərini unutmur. O, WFMC versiyası üzrə dünya çempionatındakı qələbəsini Azərbaycan bayrağı ilə qeyd edib.
“Azərbaycan bayrağını qaldırmaq mənim üçün xüsusi an idi. Almaniyada yaşayıb məşq etsəm də, Azərbaycan mənim vətənimdir. Köklərim buradadır və bununla fəxr edirəm”, – deyə idmançı bildirib.
Abbaszadənin ailəsində Azərbaycan ənənələrinə, mədəniyyətinə və dilinə böyük dəyər verilir. Rəvan hər il Azərbaycana gəlir və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək istəyir.
“Gələcəkdə beynəlxalq turnirlərdə Azərbaycan adından çıxış etmək istəyirəm. Bu, mənim üçün böyük şərəf olardı. İdman uğurlarımla ölkəmi layiqincə təmsil etmək və beynəlxalq arenada bayrağımızı yüksəltmək istəyirəm”, – deyə o vurğulayıb.
Gənc kikboksçu Azərbaycan idmanını da yaxından izləyir. O, sevimli idmançısının UFC döyüşçüsü Tofiq Musayev olduğunu bildirib.
“Onun özünəinamı, çətinliklərə baxmayaraq mübarizəni davam etdirməsi və zədələrdən sonra geri qayıtmaq əzmi məni ruhlandırır. Tofiq Musayev insanın qarşısına məqsəd qoyub onun uğrunda əzmlə çalışdığı halda çətinliklərin öhdəsindən gələ biləcəyini göstərir. Onun idmançı xarakterinə böyük hörmətim var”, - deyə Abbaszadə qeyd edib.
Bununla belə, Rəvan hələlik MMA-ya keçməyi düşünmür. O, K-1 növündə mümkün qədər böyük uğurlar qazanmaq istəyir. Gələcək hədəflərindən danışarkən məşqçisi Eltac Hümbətovun rolunu da xüsusi vurğulayıb.
“Məşqçim Eltac Hümbətov bu yolda çox böyük rol oynayıb. Biliklərinə, dəstəyinə və mənə inandığına görə ona minnətdaram. Qarşıda birlikdə həyata keçirmək istədiyimiz çoxlu hədəflər var. İnanıram ki, daha böyük uğurlar qazanacağıq. Mənim üçün əsas məsələ dayanmamaq, daim öyrənmək, inkişaf etmək və təkcə idmanda deyil, həyatda da daha yaxşı olmaqdır”, - deyə Rəvan Abbaszadə fikirlərini yekunlaşdırıb.
