“Əgər hakimlər mane olmasalar, qızıl medal uğrunda mübarizə aparacağam” - Asiman Qurbanlının İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
24 Oktyabr 2025 16:03
64
“Əgər hakimlər mane olmasalar, qızıl medal uğrunda mübarizə aparacağam” - Asiman Qurbanlının İDMAN.BİZ-ə AÇIQLAMASI

İslam Oyunlarının startına az qalır. Yarışlarda bir çox azərbaycanlı idmançılar, o cümlədən karatəçilərimiz də iştirak edəcək. Çempionluğa əsas namizədlərdən biri kişi karate yığmasının kapitanı, 84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən təcrübəli Asiman Qurbanlıdır.

İdman.Biz yarışlar ərəfəsində kapitanın əhvalını öyrənib:

“Əlbəttə ki, mənim hədəfim qızıl medaldır - başqa cür ola da bilməz. Əsas odur ki, bu əhval-ruhiyyəyə hakimlər mane olmasınlar (gülür). Axı məhz onlar əvvəlki Oyunlarda - Konyada mənim qızıl medalımı əlimdən aldılar. O vaxt finalda Səudiyyə Ərəbistanından olan idmançıya sırf onların səhvi üzündən uduzdum. İndi də mənim çəki dərəcəmdə həmin ölkədən bir idmançı var və mən çox istəməzdim ki, “tarix təkrarlansın”. Bilirəm, çox çətin olacaq, çünki təkcə Səudiyyə Ərəbistanından deyil, həmçinin Misir və İordaniyadan olan karateçilər də bu gün dünyanın ən güclüləri sırasındadırlar. Amma bir daha təkrar edirəm: mənim üçün əsas maneə idmançılar deyil, hakimlərdir. Mən heç vaxt heç bir rəqibdən qorxmamışam,” – komandamızın kapitanı qeyd edib.

Xatırladaq ki, 33 yaşlı Qurbanlının aktivində İslam Oyunlarının “qızıl”ı(Palembanq, İndoneziya, 2013), Bakıda keçirilən (2017) Oyunlarının “bürünc”ü və Konya (2021) Oyunlarının “gümüş” medalı var.

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə: