III MDB Oyunlarının çempionu: “Hazırda əsgərəm, Asiman Qurbanlı da bibimoğludur” - MÜSAHİBƏ

Müsahibə
4 Oktyabr 2025 17:11
36
III MDB Oyunlarının çempionu: “Hazırda əsgərəm, Asiman Qurbanlı da bibimoğludur” - MÜSAHİBƏ

Mingəçevirdə keçirilən III MDB Oyunlarının karate (kumite) yarışında oğlanlarda ilk qızıl medalı qazanan idmançı Nuran Rzazadə oldu. O, 67 kq çəki dərəcəsində A qrupunda Tamirlan Maqomedovu (Rusiya) 4:1, Dayanç Keletliyevi (Türkmənistan) 8:4, Oleq Melyoxini (Belarus) 2:2 hesabları ilə məğlub etdi. Qrupda yalnız Erlan Akılbek Uulua (Qırğızıstan) 4:6 uduzdu. Yarımfinalda öz həmyerlisi Aslan Dostuyevi 3:3-lə keçən Nuran finalda qırğız idmançıdan qisasını aldı – 7:3.

İdman.biz prosport.az-a istinadən xəbər verir ki, 23 yaşlı idmançı çempionluğun ardından müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Finalda qrupda məğlub olduğunuz qırğız rəqibi yenərək çempion oldunuz. Bu an hansı hisslər keçirirdiniz?

– Çox şükür olsun ki, Allah çempionluq nəsib etdi. 2 ildir ki, bu turnirə hazırlaşırıq, çünki yarış ölkəmizdə keçirilirdi və məsuliyyətimiz daha da böyük idi. Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyası uzun müddət bizə dəstək oldu. Qusarda təlim-məşq toplanışımız oldu, xaricdən idmançılar gəldi, xarici toplanışlarda iştirak etdik. Bunun nəticəsidir ki, bu gün nəticələrimiz qənaətbəxşdir. Qrup mərhələsində 4 döyüş keçirdim – 3 qələbə qazandım, 1-də isə uduzdum. Daha sonra yarımfinalda həmyerlimlə qarşılaşdım. Finalda isə qrupda məğlub olduğum Qırğızıstan idmançısına qalib gəldim.

– Qırğız idmançıya ilk görüşdə niyə məğlub olmuşdunuz, finalda hansı səhvləri düzəldib ona qalib gələ bildiniz?

– Bəzən olur ki, döyüşü səhv qurursan, nələrsə düzgün getmir. Bu, idmandır, qaçılmazdır. Amma sonrakı qarşılaşmalarda etdiyim düzgün analizlər və qurduğum düzgün taktika sayəsində finalda qalib gəldim.

– Kimin tələbəsisiniz?

– Şəxsi məşqçim Asiman Qurbanlıdır. O həm də doğma bibim oğludur. İnşallah, sabah (bu gün) o da tatami üzərinə çıxacaq. Arzumuz odur ki, 2 qızıl medalla buradan qayıdaq.

– Qələbəni kimə həsr edirsiniz?

– Qələbəmi şəhid qardaşım Həsən Rzazadəyə həsr edirəm. O mənim ən böyük dəstəkçim olub. Bu gün də onun dəstəyini yanımda hiss edirəm. Hər zaman o mən mənim ruhən yanımdadır. Fikrimcə, o mənimlə fəxr edir. Mən də ona hər zaman layiq qardaş olmağa çalışıram.

– Mükafatlandırma zamanı hərbi salam verdiniz. Bu nə ilə bağlıdır?

– Mən hazırda əsgərəm (FHN-də hərbi xidmət keçir – red.). Azərbaycan əsgəri hər şeyə qadirdir. Azərbaycan əsgəri hər şeyə qadirdir.

İdman.biz

Məqalədə: