Nazim Umbayev: “Dünya çempionatında Azərbaycan cüdosunu təmsil etmək böyük qürurdur”

Xəbərlər
12 İyun 2025 14:12
133
Nazim Umbayev: “Dünya çempionatında Azərbaycan cüdosunu təmsil etmək böyük qürurdur”

“Dünya çempionatında Azərbaycan cüdosunu təmsil etmək böyük qürurdur”.

Bunu İdman.biz-ə beynəlxalq dərəcəli cüdo hakimi Nazim Umbayev deyib.

Azərbaycan cüdo tarixində ilk dəfə böyüklər arasında dünya çempionatına təyinat alan beynəlxalq dərəcəli referi yarışla bağlı fikirlərini bölüşüb: “Bu həm qürurverici, həm də böyük məsuliyyətdir. Artıq Budapeştdəyəm, yarışöncəsi seminarlara qatılırıq. Ümumiyyətlə, dünya turunda olan hakimlər hazırlıqlı olmalı, daim öz üzərində işləməlidir. Biz də tez-tez seminarlarda iştirak edir, nəzəri-praktiki hazırlıqlara qatılırıq. Hakimlik etmədiyimiz yarışları da izləyib proseslərlə tanış oluruq".

Referi bildirib ki, bu təyinat onun üçün sürpriz olub: “Özümə güvənirdim deyə dəvət alacağıma ümid edirdim. Ancaq bu il olacağını gözləmirdim. Bildiyiniz kimi, dünya çempionatı gələn il Bakıda keçiriləcək. İdmançılar kimi, hakimlər də beynəlxalq yarışlarda iştirak edəndə sevinirlər”.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı iyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək.

Aytac Sahəd
İdman.biz