Azərbaycanlı cüdoçu Zelim Tçkayev Parisdə keçirilən Avropa Cüdo Çempionlar Liqasında Fransa təmsilçisi PSJ-nin finala yüksəlməsinə kömək edib.
İdman.Biz xəbər verir ki, bu barədə Fransanın “L’Esprit du Judo” nəşri məlumat yayıb. Bakıda keçirilən son dünya çempionatının gümüş mükafatçısı Paris klubunun heyətində 90 kq çəki dərəcəsində çıxış edir. Halbuki Tçkayev beynəlxalq yarışlarda əsasən 81 kq-da mübarizə aparır.
PSJ 1/4 finalda daha iki azərbaycanlı cüdoçunun - Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyevin (90 kq) çıxış etdiyi Rusiyanın “Judo Club Konar” komandası ilə qarşılaşıb. Gərgin keçən görüş fransızların əlavə qarşılaşmadan sonra 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Tçkayevlə Fətiyevin dueli xüsusi maraq doğurub. Bu qarşılaşmada Murad Fətıyev qalib gəlib. Lakin ümumi qələbə PSJ-nin olub.
Yarımfinalda Paris klubu digər Fransa təmsilçisi “Sent-Jenevyev Sport”u 4:0 hesabı ilə məğlub edib. Bu dəfə Tçkayev komandasının qələbəsinə birbaşa töhfə verib. O, tay-otoşi fəndi ilə rəqibini uğurlu şəkildə yerə yıxıb və parterdə mübarizəni davam etdirərək görüşü qələbə ilə başa vurub.
Beləliklə, 2024 və 2025-ci illərdə turnirin qalibi olan PSJ qarışıq komanda formatında keçirilən yarışın finalına ardıcıl üçüncü dəfə yüksəlib. Qeyd edək ki, Bakıdakı dünya çempionatının gümüş mükafatçısı Uşangi Kokaurinin də PSJ-nin heyətində adı var. O, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edir.
Azərbaycanın olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (90 kq-dan yuxarı) çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” klubu da 1/4 final mərhələsini uğurla adlayıb. Belqrad təmsilçisi Fransanın “AS Bulon-Biyankur” klubunu məğlub edərək yarımfinala yüksəlib. Bununla belə, hər iki azərbaycanlı cüdoçunun şəxsi görüşlərdəki nəticələri barədə ətraflı məlumat hələ dəqiqləşdirilməlidir.
Rusiyanın “Judo Club Konar” komandası isə medal uğrunda mübarizəni davam etdirə bilməyib. Komanda əvvəlcə Fransanın “AM Sen-Qratyen” klubuna 4:2 hesabı ilə qalib gəlsə də, PSJ-yə 3:4 hesabı ilə uduzub. Daha sonra təsəlliverici mərhələdə Qazaxıstanın “Jenıs” klubuna 2:4 hesabı ilə məğlub olub. Murad Fətıyev Tçkayev üzərində qələbəsindən əlavə, Qazaxıstan klubunu təmsil edən gürcüstanlı cüdoçu Luka Maisuradze ilə də qarşılaşıb və məğlub olub.
Avropa Cüdo Çempionlar Liqası tarixində ilk dəfə iştirak edən Azərbaycan klubu “Judo Club 2012”nin çıxışı da diqqətəlayiq olub.
İmran İmanovun rəhbərlik etdiyi komanda yarışa Fransanın “Judo Nice Metropole” klubuna 0:4 hesablı məğlubiyyətlə başlayıb. Bundan sonra Azərbaycan təmsilçisi təsəlliverici mərhələdə Gürcüstanın “Golden Qori” klubunu 4:3 hesabı ilə məğlub edib.
Lakin növbəti görüşdə Fransanın “AS Bulon-Biyankur” klubuna 1:4 hesabı ilə uduzan debütant medal uğrunda mübarizəni dayandırıb.
Qeyd edək ki, ilkin olaraq “Judo Club 2012”nin heyətinə daxil edilən Elcan Hacıyev (90 kq) Parisə yollanmayıb. Bu da komandanın heyət formalaşdırmaq imkanlarını məhdudlaşdırıb.
Xatırladaq ki, Avropa Cüdo Çempionlar Liqasında 11 klub iştirak edir. Yarış qarışıq komanda formatında keçirilir və hər komanda üç kişi, üç qadın çəki dərəcəsində təmsil olunur. Görüşdə hesab 3:3 olarsa, qalib əlavə qarşılaşmada müəyyənləşdirilir.
