Qubada cüdo üzrə Avropa Kubokunun açılışı olub

Xəbərlər
3 May 2025 17:30
266
Qubada cüdo üzrə Avropa Kubokunun açılışı olub

Qubada yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinin açılış mərasimi keçirilib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu açılış mərasimindəki çıxışında idmançılara uğurlar arzulayıb.

O, Avropa Cüdo Birliyinə (EJU) göstərdikləri etimada görə təşəkkür edib: "Bu turnir bizim üçün xüsusi əhəmiyyət daşıyır. ACF olaraq regionlarda cüdonun kütləviləşdirilməsi və idman infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü addımlar atırıq. Turnirin regionlarda təşkili, eyni zamanda, Prezident İlham Əliyevin regionlarda idmanın inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasına uyğundur".

Gənclər və idman naziri Fərid Qayıbov iştirakçı ölkələrə uğurlar arzulayıb, idmançıları daim güclü olmağa çağırıb. O, dövlət tərəfindən ölkə idmanına yüksək səviyyədə qayğı göstərildiyini qeyd edib. Nazirin sözlərinə görə, bölgələrdə beynəlxalq yarışların təşkil edilməsi idmanın inkişafına böyük təkan verəcək.

EJU-nun idman komissarı Albert Qmayner Birliyin prezidenti Laslo Totun salamlarını çatdırıb: "Bu yarışı təşkil etdikləri üçün Azərbaycan Cüdo Federasiyasına bütün cüdo ailəsi adından dərin təşəkkürümü bildirirəm. “Quba Avropa Kuboku” əhatə coğrafiyası və yeniyetmə idmançıların inkişafı baxımından çox vacib əhəmiyyət daşıyır. Əminəm ki, bir neçə ildən sonra bu idmançılardan bəzilərini Avropa və dünya çempionatlarının qaliblər kürsüsündə görəcəyik. “Quba Avropa Kuboku 2025”i açıq elan etdiyim üçün qürur duyuram".

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, mayın 4-də başa çatacaq yarışda Azərbaycanı 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.

İdman.biz

Məqalədə: