Rəşad Rəsullu: “Əminəm ki, gələcəkdə dünya və Avropa çempionatları ölkəmizdə keçiriləcək”

Müsahibə
27 Sentyabr 2023 10:40
199
Rəşad Rəsullu: “Əminəm ki, gələcəkdə dünya və Avropa çempionatları ölkəmizdə keçiriləcək”

“Beynəlxalq Cüdo Federasiyası Bakıda keçirilən “Böyük Dəbilqə”nin təşkilatçılığını çox yaxşı qiymətləndirdi. Artıq uzun illərdir bu yarış ölkəmizdə keçirilir”.

Bunu İdman.biz saytına Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.

Federasiya rəsmisi cüdoçularımızın son çıxışlarını və “Böyük Dəbilqə”dəki uğurunu dəyərləndirib. Onun sözlərinə görə, reytinq xalları uğrunda mübarizə getdiyi üçün bir çox ölkələr özlərinin 1-ci heyətlərini paytaxtımıza gətirmişdi: “Rəqabət çox güclü idi. Yaşar Nəcəfov qeyri-adi bir performans göstərdi. Onun Yaponiya idmançısına finalda çox qısa müddət ərzində ipponla ilə qalib gəldi. Bu, Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri tərəfindən də böyük rəğbətlə qarşılandı. Leyla Əliyeva keçirdikləri təlim-məşq toplanışları, baş məşqçi Rəşad Məmmədovun qətiyyətli hazırlığı sayəsində ikinci yeri tutdu. Sürpriz olaraq dəyərləndirdiyimiz idmançı Zelim Tçkayevdir. O, bütün rəqiblərinə asanlıqla qalib gəldi. Hidayət Heydərov digər qızıl medal qazanan idmançımız oldu. O, hazırda Azərbaycan cüdosunun parlayan ulduzlarından birincisidir. Zelim Kotsoyevdən də medal gözləyirdik. O, yarımfinalda rus idmançısına məğlub olsa da, bürünc medalla bizi sevindirdi. Ağır çəkilərdə Uşanqi Kokauriyə də inanırdıqAmma uğursuz çıxışı bizi məyus etdi”.

O bildirib ki, “Böyük Dəbilqə”nin növbəti illərdə də Heydər Əliyev adına İdman Sarayında deyil, Milli Gimnastika Arenasında keçirməyi planlaşdırırlar.

Rəsullu qarşıdakı illərdə ölkəmizdə daha da nüfuzlu yarışların təşkil ediləcəyini də vurğulayıb: “Azərbaycanın 2018-ci ildə dünya çempionatı təcrübəsi olub. Əminəm ki, gələcəkdə dünya və Avropa çempionatları ölkəmizdə keçiriləcək. Beynəlxalq Cüdo Federasiyası bu işi asanlıqla ölkəmizə həvalə edə bilər. Çünki resurs baxımından, təşkilatçılıq baxımından Azərbaycan heç də digər ölkələrdən geri qalmır”.

Qeyd edək ki, “Böyük Dəbilqə”də Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) gümüş, Zelim Kotsoyev (100 kq) isə bürünc medal əldə ediblər.

Emin Ağa

İdman.biz