“Dünya çempionatından əvvəl öz çəkimdə lider idim”.
Bunu İdman.bizə Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov (73 kq) deyib.
Dünya çempionu reytinqdə bütün çəki dərəcələri üzrə mütləq lider olmasına münasibət bildirib. Heydərov bildirib ki, mundialı qazandıqdan sonra birinci olacağına inanıb: “Təbii ki, bu durum məni çox sevindirir. Çox gözəl hisslər yaşayıram. Bu uğurumun memarı Elnur Məmmədlidir. Ən böyük məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarında da qalib olub, ili uğurla yekunlaşdırmaqdır”.
Dünya çempionu Olimpiadaya hazırlıq planından da danışıb: “Hazırda Qubada təlim-məşq toplanışındayıq. Elnur müəllimlə birlikdə ciddi hazırlaşırıq. Qarşıdakı planlarda xaricdə və Bakıda təlim-məşq toplanışları olacaq. Tam məsuliyyətlə bütün hazırlıqlarda formamı daha da yüksəldəcəm”.
Qeyd edək ki, Heydərov Abu-Dabidəki qələbəsindən sonra uzun müddət turnir cədvəlinə başçılıq edən belçikalı Matias Kasseni (81 kq) keçib.
Banuçiçək Hüseynli
İdman.biz