Hidayət Heydərov dünya çempionu olub - VİDEO - FOTO

Xəbərlər
20 May 2024 19:49
1 690
Hidayət Heydərov dünya çempionu olub - VİDEO - FOTO

BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

İdman.biz-in Abu-Dabiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, yarışın ikinci günündə daha üç çəkidə mükafatçılar bəlli olub.

Kişi cüdoçular 66 kq və 73 kq çəkidə mübarizə aparıb. Qadınlar isə 57 kq çəkidə ən güclüləri müəyyənləşdirib. Azərbaycan yığmasının 4 cüdoçusu tatamiyə çıxıb. Onlardan Hidayət Heydərov dünya çempionatında qızıl medal qazanıb.

Kişilər
66 kq

İkinci mərhələdən yarışa start verən Yaşar Nəcəfov startda Baul Anla (Cənubi Koreya) güləşib və məğlub olub.

Kamran Süleymanov ilk görüşündə Mohamed Abdelmavqouda (Misir) uduzub.

73 kq
Millimizin lideri Hidayət Heydərov ikinci mərhələdən mübarizəyə başlayıb. Akil Qyakovaya (Kosovo) qalib gələn dördqat Avropa çempionumuz 1/8 finalda Salvador Roça (İspaniya) ilə münasibətinə aydınlıq gətirib. O, növbəti qələbəsini qazanaraq 1/4 finala yüksəlib. Ardınca Daniel Karqninə (Braziliya) qalib gələn cüdoçumuz yarımfinala adlayıb. Finalın bir addımlığında İqor Vandtkeni (Almaniya) məğlub edən Hidayət həlledici görüşə vəsiqə qazanıb. Titul uğrunda qarşılaşmada onun rəqibi Tatsuki İşihara (Yaponiya) olub. Vazzari xalı ilə geridə olan Hidayət sona 10 saniyə qalmış ippon fəndi işlədərək, dünya çempionu tituluna yiyələnib.

Qadınlar
57 kq

Acelya Toprak ilk mərhələ Bayit Kussakbayevaya (Qazaxıstan) qalib gəlib, ardınca Telma Monteyrodan (Portuqaliya) güclü olub. O, 1/8 finalda Mimi Huha (Cənubi Koreya) uduzub.

Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxan 3 cüdoçumuz mundiala medalsız vida edib.

Zəki Feyzullayev

İdman.biz