Məhəmməd Meridja: “Bakı bir daha dünyanın aparıcı cüdoçularına belə bir fürsət verəcək” - FOTO

Xəbərlər
15 Fevral 2024 17:59
137
Məhəmməd Meridja: “Bakı bir daha dünyanın aparıcı cüdoçularına belə bir fürsət verəcək” - FOTO

“Bakı Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə Beynəlxalq Cüdo Federasiyası (BCF), Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) rəsmiləri iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxışında bildirib ki, Azərbaycanın cüdo üzrə zəngin ənənəsi var və “Böyük Dəbilqə” turniri on ildən artıqdır, Bakıda keçirilir. O, yarışın Olimpiyaya vəsiqə baxımından əhəmiyyətli olduğunu da vurğulayıb: “İştirakçılar Parisə lisenziya qazanmaq üçün reytinq xalları uğrunda mübarizə aparmalı olacaqlar. Bakıya çoxlu titullu idmançılar gəlib və ümid edirəm ki, Azərbaycan cüdoçuları öz çıxışları ilə azarkeşləri sevindirəcəklər. Hər kəsə uğurlar arzulayıram”.
E.Məmmədov, həmçinin dövlətin idmana olan qayğısını vurğulayaraq qeyd edib ki, Azərbaycanda həmişə dünyaşöhrətli cüdoçular olub və gənc nəsil şanlı ənənələri davam etdirəcək.

Beynəlxalq Cüdo Federasiyasının Məşq və Tədris üzrə Direktoru Məhəmməd Meridja bildirib ki, Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışları Olimpiya vəsiqəsinin vacib hissəsidir. O bu turnirin dünya cüdosu üçün çox əhəmiyyətli olduğunu vurğulayıb: “Hər yeni start idmançılara reytinq xalları qazanmağa imkan verir və Bakı bir daha dünyanın aparıcı cüdoçularına belə bir fürsət verəcək. Azərbaycan Cüdo Federasiyası çox iş görüb. Bu üç gün ərzində Milli Gimnastika Arenasında gərgin döyüşlərin şahidi olacağıq. Ev sahibləri də mükafatlara əsas namizədlər sırasındadırlar. Ona görə də əminəm ki, yarış həyəcanlı olacaq”.

O, həmçinin Beynəlxalq Federasiyanın prezidenti Marius Vizerin bütün iştirakçılara xoş arzularını çatdırıb.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bütün qonaqları Bakıda keçiriləcək növbəti “Böyük Dəbilqə” turnirində salamlamaqdan məmnunuğunu vurğulayıb: “Bütün iştirakçılara uğurlar arzulayırıq. On ildən artıqdır ki, dünyanın aparıcı cüdoçuları Bakıya gəlir. Turnirimizin mühüm missiyası var, çünki burada iştirakçılar Olimpiadaya düşmək üçün həlledici xallar toplaya bilərlər. Şübhə yoxdur ki, döyüşlər ən yüksək səviyyədə keçəcək və mübarizənin intensivliyi azarkeşləri sevindirəcək”.

Qeyd edək ki, “Bakı Böyük Dəbilqə” turniri 16-18 fevral tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.biz

Məqalədə: