Rəşad Rəsullu: “Uğuru davam etdirə bilməmələrinin səbəbi məşqçilərin təhsilinin aşağı olmasıdır” - VİDEO

8 Fevral 2024 11:02
874
Rəşad Rəsullu: “Uğuru davam etdirə bilməmələrinin səbəbi məşqçilərin təhsilinin aşağı olmasıdır” - VİDEO

"Yeniyetmə idmançılarımız arasında potensiallılar çoxdur. Amma onların böyüklərdə nəticə verməməsinin birinci səbəbi məşqçilərin təhsil səviyyəsinin aşağı olması ilə bağlıdır".

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.

Onun sözlərinə görə, yeniyetmələr arasında nəticə qazanmaq böyüklərdə də bunun təkrarlanacağı anlamına gəlməməlidir: "Avropada yeniyetmələrdə nəticə vermək çox rahatdır. Çünki bizim uşaqlar avropalılara nisbətən fiziki baxımdan daha sürətli inkişaf edirlər. Onlar fiziki güclərinin hesabına yaşıdlarını üstələyirlər. Əsasən də aşağı çəki dərəcələrində. Yeniyetmələrdə çoxlu Avropa çempionlarımız, qitə mükafatçılarımız var. Amma onlar gənclərə keçdikdən sonra fiziki gücün hesabına nailiyyət əldə edə bilmirlər. Böyüklərdə isə yeniyetmə yaşlarında qalib gəldiklərinə uduzurlar. Avropada yeniyetmə yaşında mübarizəyə həvəskar kimi yanaşılır".

Qeyd edək ki, yeniyetmə cüdoçularımız 2023-cü ildə 37-si qızıl, 22-si gümüş, 44-ü bürünc olmaqla ümumilikdə 103 medal qazanıblar.

Emin Ağa
İdman.biz

Məqalədə: