Rəşad Rəsullu: “Gəncədə Avropa Kubokunun keçirilməsi cüdonun bölgələrdə inkişafına təkan verir”

2 Aprel 2026 10:25
181
Rəşad Rəsullu: “Gəncədə Avropa Kubokunun keçirilməsi cüdonun bölgələrdə inkişafına təkan verir”

“Gəncədə Avropa Kubokunun təşkili regionlarda cüdonun inkişafını stimullaşdırır”.

İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlamasında deyib.

Qurum rəsmisi Azərbaycanda yeniyetmələr arasında keçiriləcək Avropa Kuboku ilə bağlı fikirlərini açıqlayıb:

“Azərbaycan uzun illərdir mötəbər beynəlxalq cüdo turnirlərinə uğurla ev sahibliyi edir. Bunun nəticəsidir ki, ölkəmiz artıq etibarlı və peşəkar təşkilatçı kimi tanınır. Bu ilin oktyabrında keçiriləcək böyüklər arasında dünya çempionatı ilə beynəlxalq cüdo ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönələcək. Bu kontekstdə böyük yarışdan əvvəl Gəncədə yeniyetmələrin Avropa Kubokunun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Qubadakı əvvəlki turnirlərdən sonra yarışın Gəncəyə gətirilməsi regionlarda cüdonun inkişafına əlavə təkan verir və yeniyetmə idmançılarımız üçün yüksək səviyyəli beynəlxalq rəqabət mühitində təcrübə qazanmaq üçün dəyərli imkanlar yaradır. Regionlarda belə tədbirlərin təşkili ölkə daxilində cüdonun geniş yayılmasına töhfə verir və gələcək uğurlar üçün möhkəm təməl yaradır”.

Qeyd edək ki, aprelin 4-5-də Gəncə İdman Sarayında keçiriləcək yarışda 11 ölkədən 286 cüdoçu mübarizə aparacaq. Turnirdə Azərbaycanın 100-dən çox idmançısı ilə yanaşı, ABŞ, Türkiyə, Tacikistan, Portuqaliya, Polşa, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Bolqarıstan və Belarusdan olan cüdoçular çıxış edəcəklər. Turnirdən dərhal sonra, aprelin 6-8-də Gəncədə yeniyetmələr üçün beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.

İdman.Biz