Qızıl medal qazanan Azərbaycan cüdoçusu: “Taktiki plan qələbədə mühüm rol oynadı”

22 İyun 2026 11:20
117
Qızıl medal qazanan Azərbaycan cüdoçusu: “Taktiki plan qələbədə mühüm rol oynadı”

“Böyük Dəbilqə” kimi nüfuzlu yarışda qızıl medal qazanmaq mənim üçün çox qürurverici və motivasiyaedici oldu. Bu uğurun arxasında uzunmüddətli zəhmət, gündəlik məşqlər və komandamızın əməyi dayanır. Hər qələbə mənə daha da inam verir və qarşıdakı böyük yarışlara daha məsuliyyətlə yanaşmağa kömək edir”.

Bu sözləri Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kiloqram) deyib.

Cüdoçu final görüşünə ciddi hazırlıq gördüklərini bildirib.

“Rəqibimi yaxşı analiz etmişdik və əsas məqsədim onun güclü tərəflərinə imkan verməmək idi. Görüş ərzində tempə nəzarət etməyə, düzgün anı gözləyərək hücumlar qurmağa çalışdım. Taktiki plana sadiq qalmaq və sonadək diqqətli olmaq qələbədə mühüm rol oynadı”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

B.Ağayev turnirdə ən çətin qarşılaşmasının finalda olduğunu vurğulayıb: “Finalda çox güclü rəqib – dünya çempionu olan yapon cüdoçusuna qarşı mübarizə apardım. Belə səviyyəli idmançılarla görüşlər həm fiziki, həm də taktiki baxımdan çox çətin keçir. Görüş ərzində sonadək diqqətli qalmağa çalışdım və taktiki planı düzgün yerinə yetirərək qələbə qazana bildim. Bu qələbə mənim üçün xüsusilə dəyərli oldu”.

O, oktyabrda Bakıda keçiriləcək dünya çempionatına da toxunub: “Əlbəttə, dünya çempionatının doğma ölkədə keçirilməsi əlavə məsuliyyət yaradır. Azarkeşlərimizin qarşısında çıxış etmək böyük motivasiyadır. Bu etimadı doğrultmaq üçün hazırlığımı maksimum səviyyədə davam etdirirəm”.

İdmançı qarşıdakı yarışlardakı əsas hədəfini də açıqlayıb: “Mən hər yarışa ən yüksək nəticə üçün çıxıram. Dünya çempionatında da əsas məqsədim medal qazanmaq və ölkəmi layiqincə təmsil etməkdir. Bunun üçün bütün diqqətimi hazırlıq prosesinə yönəltmişəm və yarış günü ən yaxşı performansımı göstərməyə çalışacağam”.

Qeyd edək ki, turnirdə 17 idmançı ilə təmsil olunan Azərbaycan millisi 4 medal qazanıb. B.Ağayevdən başqa, Nizami İmranov (66 kiloqram), Murad Fətiyev (90 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) bürünc mükafata sahib çıxıblar.

İdman.Biz