Mark Xuzinqa öz nəslinin ən parlaq cüdoçularından biri hesab olunur. Sidney Olimpiadasının qalibi karyerasını başa vurduqdan sonra idmandan uzaqlaşmayıb. “Uçan holland” ləqəbli mütəxəssis 2027-ci ildə Apeldorn şəhərində keçiriləcək Avropa çempionatının direktorudur.
O, turnirə hazırlıq prosesi və Azərbaycan yığması barədə fikirlərini İdman.Biz-ə bölüşüb.
- Niderland cüdoda güclü ənənələrə malik olmasına baxmayaraq, uzun müddətdir böyük yarışlara ev sahibliyi etməyib. Yəqin ki, “Apeldoorn-2027” xüsusi səbirsizliklə gözlənilir?
- Apeldorn şəhərinin seçilməsi təsadüfi deyil. Şəhər artıq böyük idman tədbirlərinə ev sahibliyi edib və kontinental çempionat üçün bütün zəruri infrastruktura malikdir. Biz minlərlə azarkeş, Avropanın hər yerindən nümayəndə heyətləri və qlobal televiziya auditoriyası gözləyirik. Siz düzgün qeyd etdiniz ki, bu turnirin keçirilməsi Niderland cüdosu üçün həm də simvolik əhəmiyyət daşıyır. Bu idman növündə zəngin tariximiz var – Anton Qeesink 1964-cü ildə qazandığı Olimpiya qızılından sonrakı nəsillərə qədər. Buna görə də Avropa çempionatı bu ənənənin yeni səhifəsinə çevriləcək. Bu, idmançılarımız üçün də vacibdir – gənclər burada çıxış edən Avropanın ən güclü cüdoçularını gördükdə, bu, onları ruhlandırır.
- Deməli, gələcək ev sahibləri artıq müəyyən həyəcan yaşayır?
- Çempionatın keçirildiyi vaxta qədər yeni nəsil idmançıların Avropa cüdosunu irəli aparacağı gözlənilir. Kimlərsə artıq Los-Anceles Olimpiadasına bir il qalmış medal iddiaçısına çevriləcək, kimlərsə isə hələ də öz yerini qazanmaq uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, azarkeşlər tribunada yaxşı mənada gərginlik yaradacaqlar. Cüdo böyük ölçüdə zalın enerjisi ilə yaşayır: həlledici fənd öncəsi sükut və ondan sonrakı emosiyaların partlayışı. Evdə keçirilən çempionat xüsusi hadisədir. Amma o, həm də böyük gözləntilər yaradır. Bu, yüksək səviyyəli idmanın bir hissəsidir.
- Siz qeyd etdiniz ki, Olimpiya seçiminə start yaxınlaşır. Niderland cüdoçuları üçün lisenziya uğrunda mübarizəni necə görürsünüz?
- Apeldorndakı çempionat onlar üçün Olimpiadaya gedən yolda həlledici mərhələyə çevrilə bilər. Onlar bu sınaqdan keçməlidirlər. Top idmançılar üçün belə təzyiq vacibdir. Əgər siz Olimpiya medalları qazanmaq istəyirsinizsə, hər şeyin risk altında olduğu anlarda çıxış etməyi bacarmalısınız. Evdə keçirilən Avropa çempionatı məhz belə bir atmosfer yaradır.
- 2008-ci ildə siz finalda Elxan Məmmədov üzərində qələbə qazanaraq beşinci dəfə Avropa çempionu oldunuz. 18 il sonra həmin dövrü necə xatırlayırsınız?
- Mən iştirak etdiyim hər turniri çox yaxşı xatırlayıram. Lissabondakı final mənə unudulmaz hisslər yaşatdı, əslində bu, belə səviyyədə son qələbəm idi. Bir il əvvəl Moskvadakı turnirdə Elxan məni məğlub etmişdi, amma Lissabonda revanş ala bildim. Onunla görüşlər həmişə kifayət qədər çətin keçirdi.
- Hazırda Azərbaycan yığması dünya cüdosunun liderlərindən biridir. Sizcə, bu sıçrayışa necə nail olunub?
- Sizin cüdoçularınız həmişə çox güclü olub. Son illərdə bu xüsusilə aydın görünür. Federasiyanın sistemli işi, məşqçilərin strateji düşüncəsi, idmançıların istedadı və zəhmətkeşliyi öz sözünü deyir. Komanda böyük yol keçib və yeni böyük qələbələr uzaqda deyil.
