Azərbaycan cüdoçuları “Daşkənd zəfəri”ndən sonra dünya reytinqinin zirvəsinə doğru irəliləyiblər - İDMAN.BİZ-in İCMALI

3 Mart 2026 11:55
151
Azərbaycan cüdoçuları “Daşkənd zəfəri”ndən sonra dünya reytinqinin zirvəsinə doğru irəliləyiblər - İDMAN.BİZ-in İCMALI

Daşkənddə (Özbəkistan) “Böyük Dəbilqə” seriyalı turnirdə qızıl medal qazanan Azərbaycan cüdoçuları dünya reytinqində mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) Daşkənd “Böyük Dəbilqə”sinin nəticələrinə əsasən yenilənmiş reytinqi açıqlayıb. Yarışda Azərbaycan təmsilçiləri dörd qızıl, bir gümüş və iki bürünc medal qazanıblar. Turnirin qalibləri Əhməd Yusifov (60 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) olublar. Gümüş medalı Balabəy Ağayev (60 kq) əldə edib. Bürünc mükafatlara isə olimpiya çempionu Zelim Kotsoyev (100 kq) və Camal Qamzatxanov (100 kq-dan yuxarı) sahib çıxıblar.

Belə ki, Daşkənd triumfçularından Əhməd Yusifov (60 kq, 3305 xal) səkkiz pillə irəliləyərək dünya reytinqində səkkizinci yerə yüksəlib. Finalda Yusifova uduzan Balabəy Ağayev (60 kq, 4365 xal) isə dördüncü pillədən ikinci yerə qalxıb. Bu çəkidə lider braziliyalı Mikel Auqusto olaraq qalır və o, Ağayevi cəmi yeddi xal qabaqlayır.

Öz növbəsində, Ömər Rəcəbli (81 kq, 2178 xal) 17 pillə irəliləyərək 15-ci sırada qərarlaşıb. Bu çəkidə azərbaycanlılar arasında ən yüksək mövqeni 3 365 xalla altıncı yerdə qərarlaşan Zelim Tskaev qoruyub saxlayıb.

Murad Fətiyev (90 kq, 2976 xal) isə Daşkənd turnirinin finalında ikiqat olimpiya çempionu Laşa Bekaurini məğlub edərək on pillə irəliləyib və altıncı yerə yüksəlib. Eyni çəkidə Özbəkistanda çıxış etməyən Elcan Hacıyev (3246 xal) üçüncü pillədən dördüncü yerə enib.

Gənc azərbaycanlı ağırçəkili Kənan Nəsibov (100 kq-dan yuxarı, 3 000 xal) yüksəlişini davam etdirir. Daşkənddəki qələbədən sonra o, 11 pillə irəliləyərək doqquzuncu yerə qalxıb. Bu çəkidə digər təmsilçimiz Uşangi Kokaori (3 751 xal) yeddinci pillədə qalsa da, mövqeyi əvvəlki qədər möhkəm görünmür və Nəsibov bu tempi qoruyacağı təqdirdə millinin əsas ağırçəkilisi ola bilər.

“Böyük Dəbilqə”nin bürünc mükafatçısı Camal Qamzatxanov (2063 xal) beş pillə irəliləyərək 21-ci yerə yüksəlib. Daşkəndin digər bürünc medalçısı Zelim Kotsoyev (5238 xal) isə dünya reytinqində ikinci pilləni qoruyub saxlayıb və lider yapon Dota Araiyə 112 xal uduzur.

Nəhayət, olimpiya çempionu Hidayət Heydərov (73 kq, 3336 xal) çəkiyə düşmədiyi üçün Daşkənd turnirinə buraxılmasa da, səkkizinci yerdən yeddinci pilləyə yüksəlib. Onun irəliləməsi daha əvvəl reytinqdə önündə qərarlaşan bir sıra rəqiblərin mövqelərinin zəifləməsi ilə bağlı olub.

İdman.Biz