Özbəkistanın paytaxtı Daşkənddə start götürən “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçuları 60 kq çəki dərəcəsində qızıl və gümüş medalı vaxtından əvvəl təmin ediblər.
İdman.Biz xəbər verir ki, həlledici görüşdə tatamiyə Balabey Ağayev və Əhməd Yusifov çıxacaqlar.
Final qarşılaşması ilə bağlı gözləntilərini İdman.Biz-ə DİN-in İdman Cəmiyyətinin sədri, tanınmış samboçu və cüdoçu Mövlud Mirəliyev bölüşüb.
O bildirib ki, Balabəy Ağayev Parisdə keçirilən “Böyük Dəbilqə” turnirindəki qələbədən sonra yenidən yüksək səviyyəsini təsdiqləyərək finala yüksəlib, Əhməd Yusifov isə komanda yoldaşının üslubuna dərindən bələd olan ciddi rəqibdir.
Mirəliyevin sözlərinə görə, illərdir birgə məşq edən idmançılar bir-birini yaxşı tanıyır və bu final hazırda çəkidə kimin daha güclü olduğunu rəsmi şəkildə müəyyənləşdirmək üçün əla imkandır.
O vurğulayıb ki, hər iki cüdoçunun səviyyəsini nəzərə alsaq, görüşün taleyini böyük ehtimalla bir səhv həll edəcək və istənilən halda Daşkənddə Azərbaycan finalının baş tutması qürurvericidir.
