Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda komanda yoldaşı Balabəy Ağayevi məğlub edib.
Bununla da Azərbaycan millisi yarışın ilk gününü iki medalla başa vurub. Daha əvvəl Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kq), Leyla Əliyeva (52 kq), Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq) turnirlə vidalaşıblar.
Qeyd edək ki, "Böyük Dəbilqə"yə martın 1-də yekun vurulacaq.
14:12
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində finalda üz-üzə gələcəklər.
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və Əhməd Yusifov finala yüksəliblər.
Yığma üzvləri qızıl medal üçün münasibətlərə aydınlıq gətirəcəklər.
Turnirdə Nizami İmranov və Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıblar. Şəfəq Həmidova (48 kq) isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri 1 mart tarixində başa çatacaq.
10:20
Bu gün Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayır.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, ilk yarış günündə yeddi idmançımız tatamiyə çıxacaq.
60 kq çəki dərəcəsində Əhməd Yusifov 1/16 finalda Samariddin Kuçkarovla (Özbəkistan), Balabəy Ağayev onun həmyerlisi Baxrom Boturovla mübarizə aparacaq.
66 kq-da Nizami İmranov bu raundda Minhao Canqla (Çin), Turan Bayramov isə Matan Kokolayevlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.
48 kq çəki dərəcəsində Könül Əliyeva 1/16 finalda özbək Sevinç Muradovanın, Şəfəq Həmidova çinli Venna Cuanqın müqavimətini qırmağa çalışacaq. Leyla Əliyeva (52 kq) isə bu mərhələdə Rusiya təmsilçisi Liliya Nuqayeva ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Böyük Dəbilqə” martın 1-də başa çatacaq.
