Ruslan Paşayev: “Əsgərlikdən sonra nə isə edəcəyimə inandım” - FOTO

9 Fevral 2026 18:16
89
Ruslan Paşayev: “Əsgərlikdən sonra nə isə edəcəyimə inandım” - FOTO

“Əslində yenə qızıl medal qazanaraq ötənilki nailiyyətimi təkrarlaya bilərdim. Amma yarımfinal görüşündə çox böyük səhvə yol verdim, ona görə də qızıl medalı əldən verdim”.

Bu sözləri Fransanın paytaxtı Parisdə “Böyük Dəbilqə”də 66 kq çəki dərəcəsində bürünc medal əldə etmiş Azərbaycan cüdoçusu Ruslan Paşayev deyib.

26 yaşlı idmançı bu dəfə də medalsız qalmamasından məmnunluğunu dilə gətirib.

“Növbəti yarışlarda buradakı “bürünc”ü “qızıl”la əvəz edəcəyəm”, - deyə o, sportnet.az-a açıqlamasında bildirib.

R.Paşayev bu il Bakıda keçiriləcək dünya çempionatında uzun müddətdən sonra 66 kq çəki dərəcəsində dünya çempionatında medal qazanacağına da söz verib:

“Bu il o tilsimi qırmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm”.

İstedadlı idmançı yeniyetmə və gənclər arasında medal qazana bilmədiyi halda, böyüklərin yarışlarında yüksək nəticələr əldə etməsinin səbəbini də açıqlayıb:

“Yeniyetmə vaxtı Avropa çempionatlarında medal qazana bilmədim. Bu səbəbdən, ali məktəbə qəbul edilmədim. Nəticədə hərbi xidmətə yollandım. Əsgərlikdən sonra cüdo ilə ciddi məşğul olmağa başladım. Gördüm ki, alınır və nə isə edəcəyimə inandım. Formaya düşmək bir az çətin oldu. Amma artıq hər şey yaxşıdır. Ali məktəbə isə bu il sənəd verməyi düşünürəm. Görüm, qəbul etsələr (gülür - red.).

R.Paşayev milli komandaya cəlb olunma tarixçəsini də açıqlayıb:

“İlk məşqçim İlham Məmmədov olub. Gənclər arasında Azərbaycan çempionatında ikinci yerə çıxmışdım, ondan sonra milliyə cəlb etdilər”.

Qeyd edək ki, Azərbaycan millisi Paris “Böyük Dəbilqə”sində üç medal qazanıb. Balabəy Ağayev (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Ruslan Paşayev (66 kq) bürünc medala sahib olub.

İdman.Biz