Hidayət Heydərov: “Həmişə qızıl medal qazanacağıma inanmışam”

Xəbərlər
8 Noyabr 2025 22:59
39
Hidayət Heydərov: “Həmişə qızıl medal qazanacağıma inanmışam”

“Həmişə özümə inanmışam ki, qızıl medal qazanacağam”.

İdman.Biz-in yarışa ezam olunan əməkdaşı xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov jurnalistlərə açıqlamasında deyib.

“İndi ola bilər ki, bəzi yarışlarda uduzam, olan şeydir, mən robot deyiləm”, - Heydərov bildirib.

“Çox gözəl bir gündür. Belə bir gündə qızıl medalı qazanmaq üçün tatamiyə çıxmışdım. Həm Zəfər Günüdür, həm də islamiadada ilk qızıl medalı qazandım”, - idmançı əlavə edib.

H.Heydərov keçirdiyi görüşlərdən də danışıb: “Hər rəqiblə görüşə hazırlıqlı çıxıram. Birinci və ikinci görüşdəki rəqiblərim zəif idi. Buna baxmayaraq, hər görüşə final kimi baxıram”.

Qeyd edək ki, Heydərov (73 kq) VI İslam Həmrəyliyi Oyunlarında finalda özbəkistanlı idmançı Şakram Ahadovu məğlub edərək qızıl medal qazanıb.

İdman.Biz