Ruslan Paşayev: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”

10 Mart 2026 11:59
115
Ruslan Paşayev: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Avropa və dünya çempionatında qızıl medal qazanmağı hədəfləyir.

Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə çempion olan cüdoçu növbəti yarışlara kökləndiklərini söyləyib.

“Hazırda Çexiyada təlim-məşq toplanışındayıq. Bu il üçün əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır. Həmin yarışdan əvvəl isə Avropa çempionatı təşkil olunacaq. Orada da çempion olmaq üçün əlimdən gələni edəcəyəm”, - deyə o, report.az-a açıqlamasında bildirib.

R.Paşayev Linz şəhərində təşkil olunmuş turnirin yaxşı keçdiyini sözlərinə əlavə edib:

“Yarışa güclü rəqiblər qatılmışdı. Final qarşılaşması mənim üçün bir az ağır oldu. Amma həmin görüşdə də qalib gələ bildim və qızıl medala sahib çıxdım”.

Xatırladaq ki, Qran-Pridə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən Azərbaycan millisi 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.

İdman.Biz
Məqalədə: