Azərbaycan cüdo məşqçisi Yaponiyada beynəlxalq seminarı uğurla bitirib - FOTO

Xəbərlər
6 Noyabr 2025 15:03
44
Azərbaycan cüdo məşqçisi Yaponiyada beynəlxalq seminarı uğurla bitirib - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov Yaponiyada keçirilən beynəlxalq məşqçilik seminarını uğurla başa vurub.

İdman.Biz xəbər verir ki, “JUDOs” İctimai Birliyinin təşkilatçılığı ilə bir ay davam edən proqram Tokiodakı Kodokan cüdo mərkəzində və Tokay Universitetində keçirilib. Təlimlər həm nəzəri, həm də praktiki mərhələləri əhatə edib, iştirakçılara cüdo metodologiyası və yapon cüdo ənənələri barədə biliklərini artırmaq imkanı yaradıb.

Seminar zamanı əsas diqqət nage-no-kata üzrə məşğələlərə yönəlib. Dərslər səkkizinci dan sahibi Mitsumoto Kendji, eləcə də Olimpiya çempionu Kosei İnoue və Yuko Fujinin rəhbərliyi ilə aparılıb. Təlim mövzularına təhlükəsiz cüdo qaydaları, məşq prosesi, idman masajı və bandajlama texnikaları daxildir.

Proqram çərçivəsində iştirakçılar cüdonun banisi Ciqoro Kanonun məzarını, Hiroşima Sülh Memorialını və Yaponiya Olimpiya Muzeyini də ziyarət ediblər.

Seminarın sonunda Elnur İsmayılov beynəlxalq sertifikatla təltif olunub və əldə etdiyi bilikləri ölkəmizdə tətbiq etməklə cüdonun inkişafına və yeni nəsil idmançıların yetişməsinə töhfə verəcək.

Qeyd edək ki, bu proqramı daha əvvəl Orxan Səfərov və Asiman Allahverdiyev də uğurla tamamlayıblar.

İdman.Biz