Fərid Qayıbov: "Qələbələrimiz hələ qarşıdadır" - FOTO

Xəbərlər
21 May 2024 14:16
761
Fərid Qayıbov: "Qələbələrimiz hələ qarşıdadır" - FOTO

Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Binə Atçılıq Mərkəzində baş tutub.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, vitse-prezident Bəhruz Nəbiyev, federasiya rəsmiləri və idman nümayəndələri iştirak ediblər.

Tədbirdə Elçin Quliyev qədim tariximizin təccəsümü olan və xalqımızın bəşəriyyətə bəxş etdiyi Qarabağ atlarından ibarət çövkən üzrə milli liqasının təsis edilməsi ilə bağlı danışıb: “12-ci əsrdə Azərbaycanın dahi şairi Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında da çövkən idman növünü təsvir edib. Bu idman növü müsair atüstü oyunların başlanğıcı hesab olunur. Cənab Prezident İlham Əliyevim xüsusi diqqət və qayğısı sayəsində çövkən idman növünün inkişafı və cins atlarımızın bütün dünyada tanıdılması əsas məqsədimizdir. Bu sahədə Azərbaycanın Atçılıq Federasiyası tərəfindən böyük işlər görülüb. Hər il bu idman növü üzrə “Prezident kuboku” yarışları keçirilir. Bu gün müxtəlif idman klublarını təmsil edən 10 komandanın iştirak etdiyi Peşəkar Çövkən Liqası mühim əhəmiyyət kəsb edir. Yarış iştirakçılarına yüksək qələbə əzmi, idman alicənablığı arzulayır və böyük iftixar əzmi ilə böyük Çövkən Liqasını açıq elan edirəm”.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov hər kəsi möhtəşəm atçılıq bayramı münasibəti ilə təbrik edib: “Ölkə başçımızın idmana və idmançılarımıza xüsusi diqqət və qayğısı var. İdmançılarımız bizi daim sevindirir. Bu idman qurğusuna müxtəlif yerli və beynəlxalq yarışları izləməyə toplaşırıq. Bu yaxınlarda Beynəlxalq Çövkən Federasiyası yaranıb. Mən atçılıq federasiyasına təşəkkür edirəm ki, bu qədər aktivdirlər. İnanıram ki, bizim qələbələrimiz hələ qarşıdadır”.

Rəsmi çıxışlardan sonra Peşəkar Çövkən Liqasının paradı başlayıb.

Qeyd edək ki, 10 komandanın iştirakı ilə keçirilən Peşəkar Çövkən Liqası dekabrın 3-4 tarixlərində başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz