Peşəkar Çövkən Liqasında 15-ci turun oyunları başa çatıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə, turun ən gərgin qarşılaşması “Zəfər” və “Elite” komandaları arasında keçirilib. Gözləntilərin əksinə olaraq, “Zəfər” ciddi müqavimət göstərərək hesabı açıb. Lakin çempionluğa iddialı “Elite” təşəbbüsü ələ alaraq 2:1 hesablı qələbə qazanıb.
Lider “Sərhədçi” də turu üç xalla başa vurub. “Xəzər”lə görüşün əvvəlində qol buraxan sərhədçilər sonradan toparlanaraq 3:1 hesabı ilə qalib gəliblər.
“Şamaxı” “Omar”ı 4:1 hesabı ilə məğlub edib. “Embawood” isə autsayder “Atilla” üzərində 8:0 hesablı böyükhesablı qələbə qazanıb.
“Buta Golden” klubunun yarışlardan imtinası səbəbindən “Polad”a 6:0 hesablı texniki qələbə verilib.
Çempionatın başa çatmasına üç tur qalmış “Sərhədçi” 39 xalla turnir cədvəlinə başçılıq edir. “Elite” 38 xalla ikinci, “Polad” isə 34 xalla üçüncü pillədə qərarlaşıb.
Çempionluğun taleyi bu üç komanda arasında keçiriləcək qarşılaşmalarda həll olunacaq.
