Azərbaycanın qadınlardan ibarət “Kür” həndbol komandasının qapıçısı Anastasiya Xlebalova komandasının EHF Avropa Kubokunda növbəti mərhələyə yüksəlməsini şərh edib.
Bu gün “Kür”ün APOEL üzərində 39:13 hesablı qələbəsində mühüm rol oynayan Xlebalova İdman.Biz-ə açıqlamasında klubun daha təcrübəli qapıçısı Madina Musayevanın ona dəstək olduğunu bildirib.
“Çox sevinirəm və komanda yoldaşlarıma, məşqçilərimə böyük təşəkkürümü bildirmək istəyirəm. Madina Musayeva mənə çox dəstək oldu. Biz onunla çox yaxın münasibət qurduq və əsl rəfiqə olduq. O, mənə kömək edir, ehtiyat oyunçular skamyasından və ya əksinə, meydançadan məsləhətlər verir. Biz oyunları birlikdə izləyə və təhlil edə bilirik”, - deyə qapıçı bildirib.
Xlebalova komandanın növbəti mərhələlərdə də eyni səviyyəni qoruyub saxlaya biləcəyi ilə bağlı fikirlərini bölüşüb:
“Buna çox ümid edirəm və komandamıza inanıram. Şəxsən mən daha çox çalışacağam və komandama kömək etməyə səy göstərəcəyəm”.
Qeyd edək ki, Mingəçevir təmsilçisi “Kür” Olimpiya İdman Tədris Mərkəzində Kiprin APOEL komandası ilə iki oyun keçirib. Hər iki qarşılaşma “Kür”ün qələbəsi ilə başa çatıb (40:18, 39:13). Bu nəticələrə əsasən komanda EHF Avropa Kubokunun növbəti mərhələsinə yüksəlib. “Kür”ün növbəti mərhələdəki rəqibi oktyabrın 13-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək. Üçüncü mərhələnin oyunları noyabrın 7-8-də və 14-15-də baş tutacaq.
