“Çair”in baş məşqçisi “Kür” üzərində qələbə barədə: “Bu qədər asan qalib gələcəyimizi gözləmirdik” – İDMAN.BİZ MİNGƏÇİVİRDƏN

15 Noyabr 2026 20:00
52
“Çair”in baş məşqçisi “Kür” üzərində qələbə barədə: “Bu qədər asan qalib gələcəyimizi gözləmirdik”  – İDMAN.BİZ MİNGƏÇİVİRDƏN

Şimali Makedoniyanın qadınlardan ibarət həndbol komandası “Çair”in baş məşqçisi Basri Latifi Avropa Həndbol Federasiyasının (EHF) Avropa Kubokunun üçüncü mərhələsi çərçivəsində “Kür”ə qarşı hər iki oyunda (27:24, 30:19) qazandıqları qələbəni şərh edib.

Mütəxəssis İdman.Biz-ə açıqlamasında iki qarşılaşmanı müqayisə edib və rəqibdən gözləntiləri barədə danışıb.

“İlk oyun çətin keçdi. Uzun yol və Azərbaycana bir neçə tranzitlə gəlməyimiz öz təsirini göstərdi. Buna baxmayaraq, matça hazır idik və “Kür”ün bir neçə oyunçusunu tanıyırdıq. Bizi asan qarşılaşmanın gözləmədiyini anlayırdım. İkinci oyuna isə yaxşı başladıq və nəticə, təbii ki, “Kür” üçün ürəkaçan olmadı. Ancaq bu qədər asan qalib gələcəyimizi gözləmirdik”, – deyə o bildirib.

Latifi Azərbaycan komandasının bəzi həndbolçularını yaxşı tanıdığını da vurğulayıb:

“Bizim Şimali Makedoniya çempionatında çıxış etmiş və Azərbaycanda oynamaq təcrübəsi olan bir neçə oyunçumuz var. Leonore Rahmani əvvəllər “Kür”də çıxış edib. O, bizim akademiyanın yetirməsidir. “Kür”ün Esma Muratoviç və Anamariya Gugiç kimi oyunçularını da tanıyırıq. Buna görə də kiminlə qarşılaşacağımızı bilirdik və bu duelə hazırlaşmışdıq. Onlar təcrübəli həndbolçulardır.

Azərbaycanlı oyunçulara gəlincə, onlarla əvvəllər qarşılaşmamışıq. Əsasən legionerləri tanıyırdıq. Bununla belə, bir neçə istedadlı idmançı diqqətimi çəkdi. Onlara sərmayə qoyulsa, Azərbaycan həndbolu inkişaf edəcək”, – deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, iki oyunun nəticəsinə əsasən, Şimali Makedoniyanın “Çair” komandası “Kür”ə qalib gələrək EHF Avropa Kubokunun 1/8 finalına yüksəlib. Azərbaycan təmsilçisi isə turnirdə mübarizəni dayandırıb.

İdman.Biz
Məqalədə: