“Kür”ün legioneri: “Rəqib bizdən fərqli olaraq müntəzəm şəkildə çempionatda oynayır” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

13 Noyabr 2026 19:34
50
“Kür”ün legioneri: “Rəqib bizdən fərqli olaraq müntəzəm şəkildə çempionatda oynayır” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

“Kür”ün xorvatiyalı həndbolçusu Anamariya Quqiç EHF Avropa Kubokunun üçüncü mərhələsinin ilk oyununda Şimali Makedoniyanın “Çair” komandasına məğlubiyyətin (24:27) səbəblərini açıqlayıb.

İdman.Biz-ə açıqlamasında idmançı nəticəyə oyun praktikasının çatışmazlığının təsir etdiyini bildirib.

“Bu, son bir ayda ilk oyunumuz idi, buna görə də çətinlik çəkdik. Şimali Makedoniya komandası gənc olsa da, çox güclüdür və aqressiv oynayır. Buna hazırlaşmışdıq və rəqibə eyni şəkildə cavab verməyə çalışırdıq, amma oyun praktikamız çatışmır. “Çair” müntəzəm olaraq çempionatda çıxış edir və həftədə bir neçə oyun keçirir, bizdə isə belə deyil. Bugünkü nəticənin səbəbi də budur. Bundan başqa, daha çox texniki səhvə yol verdik”, - deyə o söyləyib.

Quqiç komandanın cavab oyununda qələbə qazanmaq gücündə olduğunu vurğulayıb:

“Ümid edirəm ki, bazar günü oyunumuzu yaxşılaşdıra və istədiyimiz nəticəni əldə edə biləcəyik. Bugünkü oyunu yenidən izləyib təhlil etmək üçün bir günlük istirahətimiz var. Əlbəttə, hər oyunda var gücümüzü ortaya qoymaq və qalib gəlmək istəyirik. Üç top fərqi heç nədir. Hər şey alınacaq. Bir qədər daha aqressiv oynamalıyıq. Hücumda isə asan qolları daha çox vurmaq üçün bir az bəxtimiz gətirsə, yaxşı olar”.

Əlavə edək ki, cavab oyunu da noyabrın 15-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək və saat 17:00-da başlayacaq.

İdman.Biz