Azərbaycanın qadınlardan ibarət “Kür” həndbol komandasının EHF Avropa Kubokunda Kiprin APOEL klubunu məğlub etməsi gənclər və idman naziri Fərid Qayıbov tərəfindən müsbət qiymətləndirilib.
İdman.Biz xəbər verir ki, nazir Mingəçevirdə keçirilən cavab qarşılaşmasından sonra jurnalistlərə açıqlamasında komandanın inamlı çıxışını xüsusi vurğulayıb.
“Komandamız tam üstünlüklə qələbə qazandı. Bu, yaxşı siqnaldır. Artıq yeni rəqibi gözləyirik. Çox sevincliyik. Komandamız dörd ildir ki, fəaliyyət göstərir”, - deyə Fərid Qayıbov bildirib.
Nazir bölgələrdə komanda idman növlərinin inkişafının vacibliyinə də toxunub:
“Baxın, Mingəçevirdə çoxlu sayda qız və oğlan həndbolla məşğul olur. Hazırda Yevlaxda yeni bölməmiz açılıb. Bu regionda azyaşlılar arasında çempionatlar keçirməyə müvəffəq olmuşuq. Bundan əlavə, Gəncənin basketbol komandası və Tovuzun “Turan” voleybol komandası da avrokuboklarda oynayacaq. Yəni bizim Bakıdan kənarda, regionlarda da komandalarımız inkişaf edir”.
İdman.Biz-in Mingəçevirə ezam olunmuş əməkdaşının “Nazirliyin dəstəyi ilə “Kür” komandası avrokuboklarda iştirak edir. Amma təəssüf ki, digər komandalar fəaliyyət göstərmir. Federasiyada vəziyyət necədir və çempionatın bərpası ilə bağlı planlar varmı?” sualını cavablandıran Qayıbov Azərbaycan həndbolunda mövcud problemlərdən danışıb:
“Azərbaycan Həndbol Federasiyasında müəyyən problemlər var və klublara maddi dəstək yoxdur. Ona görə də klublar çempionatda fəaliyyət göstərə bilmirlər. Biz bacardığımız qədər dəstək olmağa çalışırıq. Mingəçevir klubuna da nazirlik tərəfindən kifayət qədər dəstək olunub. Digər klublara dəstək üçün federasiya ilə müəyyən söhbətlər edilib və çıxış yolu üçün onlardan plan gözləyirik”.
Qeyd edək ki, “Kür” EHF Avropa Kubokunun ikinci təsnifat mərhələsində APOEL-i ilk oyunda 40:18, cavab qarşılaşmasında isə 39:13 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Mingəçevir təmsilçisinin yeni rəqibi oktyabrın 13-də müəyyənləşəcək. Üçüncü mərhələnin oyunları noyabrın 7-8-də və 14-15-də baş tutacaq.
