Azərbaycanın “Kür” həndbol klubunun legioneri Esma Muratoviç EHF Avropa Kubokunun təsnifat mərhələsində komandanın Kiprin APOEL klubu üzərində qazandığı qələbə (40:18) barədə təəssüratlarını bölüşüb.
Qarşılaşmada komandanın ən məhsuldar oyunçusu olan monteneqrolu həndbolçu İdman.Biz-ə açıqlamasında matçdan və nəticədən razı qaldığını bildirib.
“Bu oyundan sonra çox xoşbəxtəm. Bu gün vahid komanda kimi oynadıq və mənim necə çıxış etməyim o qədər də vacib deyil. Komanda olaraq çox yaxşı oynadıq və böyük hesablı qələbə qazandıq. Ümid edirəm ki, sabah oyunu özümüz üçün daha asan edə biləcəyik.
Rəqibin zəif olduğunu düşünmürəm. Sadəcə, biz iki ay ərzində ciddi hazırlaşmışıq və rəqibə hörmətlə yanaşırıq. Sabahkı matçın çox çətin keçəcəyini gözləyirik. Bu gün hər şey alındı, məşqçinin bizə dediyi hər şeyi yerinə yetirdik. Ümid edirəm ki, növbəti mərhələyə keçəcəyik və həm Mingəçevirdən olan, həm də bizi dəstəkləmək üçün digər şəhərlərdən gələn azarkeşlərimizin bizimlə qürur duymasına çalışacağıq”, - deyə Esma Muratoviç vurğulayıb.
Qeyd edək ki, “Kür”ün APOEL ilə ikinci oyunu “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək. Qarşılaşma oktyabrın 11-də saat 17:00-da başlayacaq. Qalib iki oyunda vurulan qolların cəminə əsasən müəyyənləşəcək.
