“Kür”ün qapıçısı böyük hesablı qələbə gözləmədiyini bildirib – İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

10 Oktyabr 2026 19:26
103
“Kür”ün qapıçısı böyük hesablı qələbə gözləmədiyini bildirib – İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Azərbaycanın “Kür” həndbol klubunun qapıçısı Mədinə Musayeva EHF Avropa Kubokunun təsnifat mərhələsində Kiprin APOEL komandası üzərində qələbəni (40:18) şərh edib.

İdman.Biz-ə açıqlamasında idmançı bu qədər böyük hesablı qələbə gözləmədiyini deyib.

“Hazırlığa avqustun birində başladıq. Əvvəl fiziki, sonra isə texniki və taktiki məşqlər keçdik. Əslində, rəqibi yüksək qiymətləndirirdik və qələbə qazanacağımıza ümid edirdik, amma belə hesabla qalib gələcəyimizi gözləmirdik. Yəni rəqibə ciddi yanaşırdıq. Qalib gəldiyimizə çox sevinirəm və ümid edirəm ki, sabah da qələbə qazanacağıq”, – deyə Musayeva bildirib.

Həndbolçu maliyyə çatışmazlığı səbəbindən ölkə çempionatının hələ ötən mövsüm dayandırıldığı şəraitdə avrokuboklara hazırlaşmağın nə qədər çətin olduğunu da açıqlayıb:

“Belə vəziyyətdə motivasiyanı qorumaq çox çətin idi, çünki digər komandalarla yoldaşlıq oyunları keçirə bilmirdik. Bu, son altı ayda ilk oyunumuzdur. Amma yenə də motivasiyamız var idi. Biz yalnız öz klubumuz üçün deyil, bütün Azərbaycan həndbolu üçün çalışırdıq. Və əla nəticə göstərdik”.

İdman.Biz