Bu həftəsonu, oktyabrın 10-11-də Azərbaycanın qadınlardan ibarət “Kür” həndbol klubu tarixində ilk dəfə avrokubokun mərhələsini adlamağa çalışacaq. Komanda Avropa Həndbol Federasiyasının (EHF) Avropa Kubokunda Kiprin APOEL klubu ilə iki dəfə qarşılaşacaq. Bu oyunlar ölkədə həndbolun üzləşdiyi böhran fonunda xüsusi əhəmiyyət daşıyır. Daxili çempionatın keçirilmədiyi və federasiya tərəfindən maliyyələşmənin dayandırıldığı şəraitdə “Kür” ölkədə, demək olar ki, fəaliyyətini tam şəkildə davam etdirən yeganə klub olaraq qalır.
İdman.Biz xəbər verir ki, APOEL-lə hər iki görüş Mingəçevirdə, “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək və saat 17:00-da başlayacaq. Oktyabrın 10-da meydanın nominal sahibi Kipr təmsilçisi, oktyabrın 11-də isə Azərbaycan klubu olacaq. İki oyunun nəticəsində vurulan qolların ümumi sayına əsasən qalib müəyyənləşəcək.
Qeyd edək ki, turnirin reqlamentinə əsasən, komandalar, adətən, evdə və səfərdə olmaqla iki oyun keçirirlər. Bununla belə, tərəflərin razılığı ilə hər iki qarşılaşmanın eyni meydanda təşkili mümkündür. Bu dəfə də məhz belə qərar verilib. Lakin bunun konkret səbəbləri hələlik məlum deyil.
Görüşləri avstriyalı hakimlər Mattias Karel və İvan Trikoviç idarə edəcəklər. EHF nümayəndəsi isə bolqarıstanlı Delyan Gençev olacaq.
APOEL üzərində qələbə qazanacağı təqdirdə “Kür” turnirin üçüncü mərhələsinə yüksələcək. Komandanın növbəti rəqibi püşkatmanın nəticəsinə əsasən müəyyənləşəcək. Qadınlar arasında EHF Avropa Kuboku olimpiya sistemi üzrə keçirilir: komandalar mübarizəni uduzanın turniri tərk etdiyi formatda aparır, qalib isə növbəti mərhələyə yüksəlir.
Bu avrokubok mövsümü Mingəçevir təmsilçisi üçün ardıcıl dördüncü olacaq. Lakin əvvəlki üç mövsümdə “Kür” EHF Avropa Kubokunun ilk mərhələsini adlaya bilməyib. Komandanın əvvəlki çıxışlarının nəticələri belədir:
2023/24 mövsümü: “Yomi Salerno” (İtaliya) – 29:19, 36:19.
2024/25 mövsümü: “İonias” (Yunanıstan) – 32:25, 33:22.
2025/26 mövsümü: “San-Pedru-du-Sul” (Portuqaliya) – 26:26, 31:23.
Beləliklə, “Kür” qadın həndbol komandası əvvəlki altı avrokubok matçında qələbə qazana bilməyib. Aktivində bir heç-heçə və beş məğlubiyyət var. Bununla belə, nəticələrdə müsbət dinamika müşahidə olunur. Mingəçevirli həndbolçular debüt mövsümündə italiyalılara ümumi hesabda 27 top fərqi ilə uduzublarsa, ötən mövsüm Portuqaliya təmsilçisi ilə heç-heçə etməyi bacarıblar. Bu nəticə hələ də “Kür”ün qadınlar arasında avrokuboklardakı ən yaxşı göstəricisi olaraq qalır.
Komandanın ölkə daxilində də uğurları var. “Kür” 2023/24 mövsümündə Azərbaycan çempionatının gümüş medallarını qazanıb, 2024/25 mövsümündə isə üçüncü yeri tutub. Bundan əlavə, komanda 2025-ci ildə Azərbaycan Kubokunun finalına yüksəlib və həlledici görüşdə “Azəryol”a 28:35 hesabı ilə uduzub. Bununla belə, 2025/26 mövsümündə Azərbaycan çempionatı federasiyanın maliyyələşməni dayandırması səbəbindən başa çatdırılmayıb. Buna görə də “Kür”ün həmin mövsüm üzrə yekun mövqeyi müəyyənləşməyib.
Azərbaycan klubunun rəqibinə gəlincə, APOEL 2025/26 mövsümündə Kipr çempionatını dördüncü pillədə başa vurub. Bürünc medallar uğrunda seriyada komanda “Mavrommatis”ə üç dəfə məğlub olub – 20:25, 30:33 və 20:25. Bundan başqa, Kipr təmsilçisi 2026-cı il ölkə kubokunun yarımfinalına yüksəlib və finala vəsiqə qazanmağa yaxın olub. “Panellinios”la qarşılaşmanın əsas vaxtı 29:29 hesabı ilə başa çatıb, lakin penaltilər seriyasında APOEL 4:5 hesabı ilə uduzub.
APOEL adı Azərbaycanda, ilk növbədə, futbol klubu kimi tanınır. 2019-cu ildə Kipr təmsilçisi avrokuboklarda “Qarabağ”la dörd dəfə qarşılaşıb: iki oyun UEFA Çempionlar Liqasının təsnifat mərhələsində, daha iki görüş isə Avropa Liqasının qrup mərhələsində keçirilib. Bundan başqa, APOEL 1995 və 2012-ci illərdə “Neftçi” ilə də üz-üzə gəlib.
Lakin qadın həndbol komandasını tanınmış futbol klubu ilə qarışdırmaq olmaz. Komanda əvvəllər Ayios-Trimityas Gənclər Mərkəzinin adı altında çıxış edib. 2025-ci ilin sentyabrında isə həmin mərkəz qadın komandasının inkişafı məqsədilə APOEL idman cəmiyyəti ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Beləliklə, hazırkı layihə iki idman təşkilatının əməkdaşlığı nəticəsində yaranıb və komanda APOEL – Ayios-Trimityas adı ilə fəaliyyət göstərir.
Qarşıdakı oyunlar Kipr təmsilçisi üçün avrokuboklarda debüt olacaq. Kipr mətbuatının məlumatına görə, klub yeni mövsüm öncəsi heyətini gücləndirib və “Kür”ü mübarizədən kənarlaşdırmağa ümid edir. Komandanın baş məşqçisi Yannis İoannidis bildirib ki, Avropa oyunlarına hazırlıq hələ avqust ayında başlayıb. APOEL-lə əməkdaşlığın başlanmasından sonra da komanda inkişafını davam etdirir.
Azərbaycan həndbolunun Kipr klubları ilə Avropa arenasında uğurlu qarşılaşma təcrübəsi də var. Lakin bu, kişilərdən ibarət komandaya aiddir. 2024/25 mövsümündə “Kür”ün kişi komandası EHF Avropa Kubokunun ikinci mərhələsində Kiprin “Parnassos Strovolu” klubunu hər iki oyunda məğlub edib – 35:31 və 32:29. Bununla da Azərbaycan təmsilçisi üçüncü mərhələyə yüksəlib.
“Kür” üçün qarşıdakı görüşlər təkcə tarixində ilk dəfə avrokubokun başlanğıc mərhələsini adlamaq imkanı deyil. Maliyyə problemləri və ölkə çempionatının tam keçirilməməsi fonunda milli həndbolun ümumi böhranı şəraitində komandanın motivasiyasını nə qədər müddət qoruyub saxlaya biləcəyi də sual doğurur.
Bununla belə, Avropa oyunları klub üçün əlavə stimul ola bilər. “Kür” bu qarşılaşmalarda Azərbaycan həndbolunun hələ də mövcud olduğunu və çətin şəraitdə belə nəticələr qazanmaq gücünə malik olduğunu sübut etməyə çalışacaq.
