4 top irəlidə olan “Kür” Portuqaliya klubuna niyə uduzub? - Direktordan AÇIQLAMA

Xəbərlər
8 Oktyabr 2025 13:24
40
4 top irəlidə olan “Kür” Portuqaliya klubuna niyə uduzub? - Direktordan AÇIQLAMA

“Kür” həndbol klubunun direktoru Fuad Yanqildin qadınlardan ibarət komandanın Avropa Kubokunun 1/32 final mərhələsində Portuqaliya təmsilçisi “San Pedru du Sul”a məğlub olmasının səbəbini açıqlayıb.

Funksioner bu barədə “Report”a açıqlama verib.

O, iki fərqli qarşılaşma olduğunu söyləyib: “İlk oyunda hesabda öndə idik. Amma bunu sonadək qoruya bilmədik. İkinci matça da inamlı çıxmışdıq. Birinci hissənin sonunda dörd top fərqi ilə irəlidə olduq. Amma oyunçuların yorğun olduğu görünürdü və hissəni bir xal üstünlüklə bitirdik”.

Yanqildin rəqibin heyətində təcrübəli həndbolçuların çox olduğunu söyləyib: “Onlar fiziki cəhətdən daha yaxşı idi. Anqola, Braziliya kimi ölkələrdən oyunçuları çoxdur. Buna görə də sonda məğlub olduq. Amma bu qarşılaşmalar komandamız üçün yaxşı təcrübə idi. Biz gənc klubuq. Üç ildir ki, avrokuboklarda mübarizə aparırıq. Portuqaliya komandası 10 ildir qitə arenasındadır. Onlarda bizdən daha təcrübəlidirlər”.

Qeyd edək ki, "Kür" ilk matçda rəqibi ilə bərabərə qalıb - 26:26. İkinci matçda Portuqaliya klubu sevinən tərəf olub - 31:23. Hər iki qarşılaşma Bakıda keçirilib.

İdman.biz