Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycan yığması ilk medalını qazanıb.
İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, gimnastika üzrə qrup hərəkətləri komandası çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Kamilla Əliyevadan ibarət komandamız 3 top və 2 halqa ilə çıxışda 26.350 bal toplayıb. Nəticədə çoxnövçülükdə 50,500 bal toplayan təmsilçilərimiz qızıla sahib çıxıblar.
Ukrayna 44,450 xalla gümüş, Yaponiya 41,550 balla isə bürünc medala yiyələnib.
Qeyd edək ki, qrup hərəkətləri komandamız sabah 5 lent və 3 top, 2 halqa ilə hərəkətlərdə finalda yarışacaq.
***
20:32
Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada bədii gimnastika yarışları davam edir.
İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan gimnastları İlona Zeynalova və Kamilla Seyidzadə Universiadada çıxışlarını başa vurublar.
Təmsilçilərimiz bu gün gürz və lentlə çıxış ediblər. Nəticədə dörd hərəkətin cəmində Zeynalova 96.800 xalla 22-ci, Seyidzadə isə 95.750 xalla 27-ci yeri tutub.
Bu növdə qızıl medalı belaruslu gimnast Alina Qornaskoy (114,850) qazanıb. Özbəkistanlı Taxmina İkromova gümüş, macar Fanni Piqniçki isə bürüncə sahib olublar.
***
17:10
Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada bədii gimnastika yarışları davam edir.
İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, gündüz çıxışlarında Azərbaycan gimnastı İlona Zeynalova da mübarizə aparıb.
O, gürzlər və lentlə kompozisiyalar nümayiş etdirib. Gürzlərlə çıxışda Zeynalova hələ ki, doqquzuncu, lentlə isə onuncu yerdə qərarlaşıb. Bu nəticələr ona həmin növlər üzrə finala yüksəlməyə imkan verməyib.
Çoxnövçülükdə isə o, yeddinci pillədə qərarlaşıb.
Daha sonra Kamilla Seyidzadə gürz və lentlə çıxış edəcək. Axşam saatlarında isə qruplar çoxnövçülükdə ən güclü komandaları müəyyənləşdirəcəklər.
Qeyd edək ki, ilk məşq elementindən sonra heyətində Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzan və Kamilla Əliyevanın yer aldığı komandamız birinci yerdə qərarlaşıb.
İdman.biz