Aerobika və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatlarında 178 idmançı mübarizə aparacaq

Xəbərlər
30 Oktyabr 2023 15:44
143
Aerobika və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatlarında 178 idmançı mübarizə aparacaq

Azərbaycan Gimnastika Federasiyası mövsümü daha iki maraqlı növü üzrə davam etdirir.

İdman.biz xəbər verir ki, noyabrın 1-2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci ölkə çempionatı və paytaxt birinciliyi təşkil olunacaq.

Aerobika gimnastikası üzrə yarışlarda “Ocaq Sport” klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 110 gimnast medallar uğrunda mübarizə aparacaq.

İdmançılar 7-ci Azərbaycan çempionatında yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyalarında (2005-ci il və daha böyük), açıq Bakı birinciliyində isə balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il) yaş kateqoriyalarında mübarizə aparacaqlar.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyində “Ocaq Sport” Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), “Neftçi” İdman Klubu, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini 68 idmançı təmsil edəcək.

İki günlük yarışlarda qadın cütlükləri (uşaqlar - 2007-2012; balacalar - 2008-2017; yeniyetmələr - 2005-2011; böyüklər - 2008-ci il və daha böyük), kişi cütlükləri (böyüklər - 2008-ci il və daha böyük), qarışıq cütlüklər (balacalar - 2008-2017; yeniyetmələr - 2005-2011; böyüklər - 2008-ci il və daha böyük) və qadın qrupları (uşaqlar - 2007-2012; balacalar -2008-2017; yeniyetmələr -2005-2011; gənclər - 2004-2010) balans, temp və qarışıq hərəkətlər proqramında medallar uğrunda mübarizə aparacaqlar.

Yarışlar hər gün saat 12:00-da başlayacaq

İdman.biz