Fərid Qayıbov: “Avropa Gimnastikasının strategiyası üzərində işləməkdə davam edirik”

Xəbərlər
13 Oktyabr 2023 17:27
155
Fərid Qayıbov: “Avropa Gimnastikasının strategiyası üzərində işləməkdə davam edirik”

Avropa Gimnastikasının (EG) rəhbəri Fərid Qayıbov rəhbərlik etdiyi qurumun saytında ənənəvi “Prezidentin qeydləri” rubrikasında son bir ayda qitə və dünya gimnastikasında baş verən maraqlı hadisələrdən danışıb.

İdman.biz xəbər verir ki, EG rəhbəri bədii gimnastika üzrə dünya çempionatından sonra sentyabrın sonu - oktyabrın əvvəllərində əsas hadisənin Antverpendə idman gimnastikası üzrə dünya çempionatı olduğunu qeyd edib.

O bildirib ki, mundiallar arasındakı dövrdə bir sıra digər mühüm hadisələr də baş verib: “Xüsusən keçən ayın ortalarında Parisdə idman gimnastikası üzrə keçirilən “Challenge” seriyasından Dünya Kuboku haqqında demək istərdim. Cəmi iki gün ərzində 15 000-dən çox bilet satılan bu olduqca populyar hadisə gimnastikanın tamaşaçı uğuru ola biləcəyinə bir nümunədir. Gimnastikada yüksək səviyyəli idman əyləncəsinə nail olmaq üçün ənənəvi dəyərlərlə birləşdirilərək böyük marketinq səyləri göstərilməli idi. Təbii ki, bu seriyanın hazırlanması çox əziyyətli oldu və mən yerli Təşkilat Komitəsini uğur münasibətilə təbrik etmək istərdim”.

O, Avropa Gimnastikasının fəaliyyətindən danışaraq, İcraiyyə Komitəsinin Maltada keçirilən iclasından da söz açıb: “Biz fürsətdən istifadə edərək, Maltadakı gimnastika klublarının məşq şəraitilə tanış olduq və ölkədə gimnastikanın digər növlərinin inkişaf etdirilməsi imkanlarını müzakirə etdik. Ənənəvi olaraq, qonşu dövlətlərin federasiyalarının nümayəndələrini bu görüşlərdə iştirak etməyə dəvət etdik və mən Fransa ilə Portuqaliyadan olan həmkarlarıma, həmçinin foruma qoşulan İtaliya və İspaniya federasiyalarının üzvlərinə təşəkkürümü bildirirəm. Bu, bizim idmanımızın inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq, məsələləri və gələcək planları müzakirə etmək üçün gözəl fürsət idi. İdeyaların sərbəstliyi, informasiyanın mərkəzləşdiyi və hər kəsin özünü komandanın bir hissəsi kimi hiss etdiyi imkanlar yaratmaqla, məqsədlərə daha asan nail olmaq mümkündür”.

O, həmçinin 2025-ci ildə akrobatika üzrə Avropa çempionatına ev sahibliyini qazanmış Lüksemburq Gimnastika Federasiyasını təbrik edib: “Onların təşkil etdiyi uğurlu TeamGym EURO-dan sonra biz ölkələrində bu intizamda əhəmiyyətli inkişaf müşahidə etdik. Ümid edirik ki, Lüksemburqda keçiriləcək növbəti tədbirlər həm regionda, həm də ev sahibi ölkədə gimnastikanın inkişafına fayda verəcək. Bu kimi tədbirlər idmanın populyarlaşmasına və tamaşaçıları gimnastikaya yeni perspektivlə tanış etməyə kömək edir. Biz, həmçinin 2025-2027-ci illər arasında gimnastika üzrə bir neçə Avropa çempionatı üçün tender elan etmişik. Biz Avropa Gimnastikası strategiyası üzərində işləməyə davam edirik və onu növbəti Konqresdə təqdim etməyi gözləyirik”.

İdman.biz