FIG: “Azərbaycan idmanın zirvəsindədir”

Xəbərlər
7 İyun 2024 12:25
145
FIG: “Azərbaycan idmanın zirvəsindədir”

“Portuqaliyanın Gimaraynş şəhərində keçiriləcək dünya çempionatına üç ay qalmış Azərbaycan idmanın zirvəsindədir və Dünya kubokunun reytinqləri buna sübutdur”.

İdman.biz xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) Dünya kuboku seriyasında qalib gələn Azərbaycan akrobatlarının çıxışını belə qiymətləndirib.

“Raziyə Seyidli və Ağasif Rəhimovdan ibarət qarışıq cütlük, həmçinin Daniel Abbasovla Murad Rəfiyevin yer aldığı kişi cütlüyü öz kateqoriyalarında 2024-cü ildə akrobatika gimnastikası üzrə Dünya kuboku seriyasının qalibi oldular. Dünya çempionatı mövsümündə ilk dəfə Azərbaycanın iki komandası kubok seriyasının sonunda turnir cədvəlinə başçılıq edib.

Reytinq Burqas (Bolqarıstan), Maya (Portuqaliya) və Rjeşov (Polşa) şəhərlərində keçirilən Dünya kuboku tədbirlərinin nəticələrinə əsaslanır. Cütlər və qruplar Dünya kuboku yarışlarında yerinə əsasən reytinq xalları qazanırlar. Birinci yer 30, ikinci yer 25, üçüncü yer 20 xal və s.

Seyidli, Rəhimov, Abbasov və Rəfiyev kimi tanış adlar mövsüm boyu fəxri kürsünü bəzədi. 2023-cü il seriyasının çempionları Seyidli və Rəhimov Burqas və Rjeşovda gözəl çıxışları ilə qızıl, Mayada gümüş medal qazanıb. Onlar Portuqaliyada çempion olan Evfrosinya Krivitskaya və dünya mükafatçısı İvan Labuntsdan ibarət Ukrayna cütünü yekunda 10 xal qabaqlayaraq 85 xal toplayıblar.

Abbasov və Rəfiyev də Maya yarışında ən yaxşı nəticəyə görə 30 xal, Burqasda gümüş və Rzeşovda bürünc, yekunda 75 xal qazanıblar. İki mərhələdə iştirak edən 2022-ci il dünya çempionatının qızıl medalçıları Daniel Diehl və Vadim Şulyar (Qazaxıstan) 55 xalla ikinci yeri tutdular”.

İdman.biz

Məqalədə: