Bakıdakı Dünya kubokunun məşhurları: ulduzlardan qitə liderlərinə qədər - FOTO

Xəbərlər
17 Aprel 2024 14:23
Bakıdakı Dünya kubokunun məşhurları: ulduzlardan qitə liderlərinə qədər - FOTO

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya kubokunun başlanmasına sayılı günlər qalıb. Aprelin 19-dan bütün diqqətlər Milli Gimnastika Arenasına yönələcək. Burada 42 ölkədən olan idmançılar öz ustalığını göstərəcəklər. Paytaxtın qonaqları arasında birinci dərəcəli ulduzlar da, öz qitələrində parlayan və artıq beynəlxalq səviyyədə tanınan gimnastlar da olacaq.

İdman.biz Bakıdakı Dünya kubokunun maraqlı simalarını təqdim edir.

Sofiya Raffaeli: İtaliyalının ulduz saatı 2022-ci ilə təsadüf edib. Sofiya Sofiyadakı dünya çempionatında 5 qızıl medal qazanıb. O, çoxnövçülükdə, top, halqa və lentlə hərəkətlərdə, həmçinin komanda yarışında çempionluq yaşayıb. Ötən mövsüm Valensiyadakı mundialda üç gümüş və bir bürünc əldə edən italiyalı Bakıdakı Avropa çempionatında top və gürzlərlə qızıl, çoxnovçülükdə gümüş qazanıb.

Darya Varfolomeyev: Almaniya təmsilçisi altıqat dünya çempionudur. O, ilk qızılını iki il əvvəl Sofiyada gürzlərlə hərəkətdə qazanıb. Növbəti il Valensiyadakı lisenziya xarakterli mundialda kolleksiyasına 5 yüksək əyarlı medal əlavə edib: çoxnövçülük və bütün fərdi hərəkətlərdə. O, komanda yarışında da gümüşə sevinib. Varfolemeyev Bakıdakı Avropa çempionatında lentlə hərəkətdə fərqlənərək çempionluq yaşayıb.

Yeva Brezaliyeva: Bolqarıstan millisi Bakıya öz əsas ulduzları Stiliana Nikolova və Borana Kaleyni gətirməyəcək. Amma burada Yeva Brezaliyeva çıxış edəcək. O, artıq ilk ciddi uğurlarını qazanıb. Məsələn, ötən il Bakıdakı Avropa çempionatında lentlə hərəkətdə gümüş qazanıb, komanda ilə çempion olub. Yeva Valensiyadakı dünya çempionatında da komanda yarışında qalib adına yiyələnib.

Brezaliyeva ötən il Bakıdakı Dünya kubokunda da bir neçə dəfə fəxri kürsüyə qalxıb. O, çoxnövçülükdə və halqa ilə üçüncü, top və lentlə ikinci olub.

Polina Beryozina: İspaniyanın beşqat mütləq çempionu böyüklərin yarışlarında 2015-ci ildə debüt edib. Dünya çempionatlarındakı ilk və hələlik yeganə mükafatını 2022-ci ildə qazanıb. O, Sofiyada komanda yarışında bürüncə sahib çıxıb. Beryozinanın hesabında Dünya kubokunun bir bürünc medalı da var.

Marina Malpika: Meksikalı gimnast kifayət qədər zəngin karyeraya malikdir. Onun aktivində 2017-ci ildən sonra Panamerika oyunlarında qazanılan 8 medal var. Həmin vaxt Malpika Dayton-Biçdə çoxnovçülükdə bürünc, komandada gümüş əldə edib. Qələbələrdən danışsaq, 2 il əvvəl Rioda halqa ilə, ardınca Qvadalaxarada topla Panamerika qızılına sahib olub.

Marina dəfələrlə Mərkəzi Amerika və Karib dənizi hövzəsi Oyunlarında fərqlənib. O, ötən il San-Salvadordakı yarışı 5 qızılla başa vurub.

Aleksandra Kiroi-Boqatıryova: Avstraliyalı gimnast bir neçə ildir Bakıda məşq edir. Milli Gimnastika Arenası onun üçün ikinci evə çevrilib.

Kiroi-Boqatıryova 2021-ci ildə Dünya kubokunun reytinqində 33-cü yeri tutub. O, Yaponiyanın Kitakiyusyu şəhərindəki dünya çempionatında iştirak edən yeganə avstraliyalı olub.

Aleksandra Birlik Oyunlarının qalibidir. O, bu yarışda 5 dəfə fərqlənib. Avstraliyalı 2018-ci ildə Qold-Kostda topla və komandada bürünc, dörd il sonra Birminhemdə gürzlərlə qızıl, komanda ilə gümüş, çoxnövçülükdə bürüncə sevinib.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: