Fərid Qayıbov: “Gimnastika zəngin yay mövsümü keçirdi, qarşıda daha əhəmiyyətli payız var”

30 Sentyabr 2026 17:18
89
Fərid Qayıbov: “Gimnastika zəngin yay mövsümü keçirdi, qarşıda daha əhəmiyyətli payız var”

Avropa Gimnastikasının (European Gymnastics – EG) prezidenti Fərid Qayıbov yay mövsümünün yekunlarını dəyərləndirib və payızda qitəni gözləyən əsas tədbirlərdən danışıb.

İdman.Biz Fərid Qayıbovun rəhbərlik etdiyi qurumun saytında dərc olunan müraciətindəki fikirləri təqdim edir.

Fərid Qayıbov yazının əvvəlində xatırladıb ki, “European Gymnastics” üçün yay mövsümü İtaliyanın Pistoya şəhərində başlayıb. Burada ardıcıl olaraq iki böyük tədbir - “European Gym for Life Challenge və EUROGYM” keçirilib:

"Güclü istilər həm iştirakçılar, həm də təşkilatçılar üçün ciddi sınağa çevrilsə də, gimnastlar növbəti dəfə yüksək dözümlülük nümayiş etdiriblər. “European Gym for Life Challenge yarışında təxminən 3500 nəfər iştirak edib. Turnir ilk dəfə üç gün ərzində keçirilib, iştirakçılar isə kiçik və böyük qruplara bölünüblər".

Fərid Qayıbov Rikardo Limanın rəhbərlik etdiyi Texniki Komitənin işini xüsusi qeyd edərək yarışın populyarlığının artdığını vurğulayıb:

"Bundan dərhal sonra Pistoyada “EUROGYM” festivalı təşkil olunub. İki ildən bir keçirilən və əsasən yeniyetmələr üçün nəzərdə tutulan “Gymnastics for All” festivalında 21 ölkədən 4 218 gimnast iştirak edib. Ekstremal istilərə baxmayaraq, iştirakçılar dörd müxtəlif məkanda çıxış edib, ustad dərslərinə və ekskursiyalara qatılıblar".

“European Gymnastics” prezidentinin qiymətləndirməsinə görə, festivaldakı ab-hava “həqiqətən təsiredici” olub. Avqustda isə Avropa gimnastikasının diqqəti Zaqrebə yönəlib. Xorvatiyanın paytaxtında iki həftə ərzində qadınlar və kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatları keçirilib. Məhz Zaqrebdə “European Gymnastics” öz yarışları üçün yeni korporativ üslubunu təqdim edib.

"İdman arenasında da bir sıra yaddaqalan hadisələr yaşanıb. Hazırkı dünya çempionu Angelina Melnikova karyerasında ilk dəfə çoxnövçülükdə Avropa çempionu olub. Bu uğuru daha simvolik edən məqam isə onun 12 il əvvəl yeniyetmələr arasında Avropa çempionu titulunu qazanmasıdır. Kişilərin yarışında isə son dərəcə gərgin mübarizə qeydə alınıb. Böyüklər arasında çoxnövçülükdə ukraynalı İlya Kovtun, yeniyetmələrdə isə Daniil Smirnov cəmi 0,001 xal üstünlüklə qalib gəliblər. Bu, mümkün olan ən minimal fərqdir” - Avropa Gimnastikasının prezidenti qeyd edib.

Fərid Qayıbov Avropa çempionatını tarixində ilk dəfə qəbul edən Xorvatiya Gimnastika Federasiyasına da təşkilatçılığa görə təşəkkürünü bildirib.

“Avropa yarışları ilə paralel olaraq dünya çempionatları mövsümü də start götürüb. İlk olaraq bədii gimnastika üzrə dünya çempionatı Frankfurtda keçirilib. Daha sonra Pamplona aerobika gimnastikası üzrə dünya çempionatına, sentyabrda isə Pesaro akrobatika gimnastikası üzrə dünya birinciliyinə ev sahibliyi edib. Avropa yığmaları yenidən yüksək səviyyələrini təsdiqləyərək çoxlu sayda medal qazanıblar. Bundan başqa, dünya çempionatları mövsümü çərçivəsində Avropa təmsilçiləri ilk Olimpiya kvotalarına da sahib olublar. Zəngin yay mövsümünün ardından gimnastika təqvimi sürətlə gələcəklə bağlı məsələlərə yönəlib.

Həmçinin Tailandın paytaxtı Banqkokda növbəti Ümumdünya Gimnastika Konqresi keçirilir. Dünyanın müxtəlif ölkələrinin milli federasiyalarının nümayəndələri təcrübə mübadiləsi aparmaq, ən yaxşı təcrübələri müzakirə etmək və gimnastikanın gələcək inkişafı ilə bağlı təkliflər irəli sürmək üçün bir araya gəliblər. Konqresin əsas vəzifələrindən biri yarışların təşkili və keçirilməsinin daha da təkmilləşdirilməsi imkanlarını, eləcə də ayrı-ayrı gimnastika növlərinin inkişafı ilə bağlı məsələləri müzakirə etməkdir. “European Gymnastics”in payız proqramına da bir neçə böyük tədbir daxildir.

Sentyabrın sonunda Fransanın La-Bol şəhərində “Golden Age Gym Festiva”l keçiriləcək. Festivalda 21 ölkədən 2026 gimnast iştirak edəcək. Tədbir yaşı 50 və daha yuxarı olan gimnastlar üçün nəzərdə tutulub. Bir həftə ərzində iştirakçıları ustad dərsləri, ekskursiyalar, şəhərdə nümayiş çıxışları, maarifləndirici forum və rəqs gecələri gözləyir. Tədbirin əsas ideyası idmanı, ünsiyyəti və mədəni mübadiləni bir araya gətirməkdir.

Daha sonra gimnastika ailəsi Finlandiyanın Espoo şəhərinə yollanacaq. Burada TeamGym üzrə Avropa çempionatı keçiriləcək. Yarışda 16 ölkənin nümayəndələri iştirak edəcəklər. Oktyabrın sonunda “European Gymnastics”in İcraiyyə Komitəsi Lozannada 2026-cı ildə üçüncü və son əyani iclasını keçirəcək. Əsas mövzulardan biri təşkilatın strateji planlarının həyata keçirilməsi və yeni yarış formatlarının inkişafı olacaq. Xüsusilə Avropa Oyunları və Avropa kubokları ilə bağlı məsələlər müzakirə ediləcək” - deyə o F.Qayıbov vurğulayıb.

F. Qayıbovun sözlərinə görə, bir neçə layihə üzərində artıq ciddi iş aparılır və ilkin nəticələr yaxın zamanda görünməlidir.

“Bununla belə, beynəlxalq gimnastika təqvimi hələ başa çatmaqdan çox uzaqdır. Qarşıda Rotterdamda idman gimnastikası üzrə dünya çempionatı, Nankində isə batut gimnastikası və akrobatik cığır üzrə dünya çempionatı var. Bu payız hadisələrlə zəngin və çox əhəmiyyətli olacaq”, – deyə “European Gymnastics” prezidenti bildirib.

O, gimnastlara uğurlu hazırlıq və yarışlarda yüksək nəticələr arzulayıb.

Beləliklə, Avropa gimnastikası üçün 2026-cı il bir neçə istiqamətdə eyni vaxtda davam edir – ən böyük çempionatlardan və Olimpiya təsnifatından tutmuş kütləvi gimnastikanın inkişafına və yeni beynəlxalq yarış formatlarının hazırlanmasına qədər.

İdman.Biz