Azərbaycan gimnastları Dünya çempionatına uğurlu start veriblər - FOTO/VİDEO

4 Noyabr 2026 17:32
505
Azərbaycan gimnastları Dünya çempionatına uğurlu start veriblər

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan təmsilçiləri ilk təsnifat günündə uğurlu nəticələr əldə ediblər.

İdman.Biz xəbər verir ki, noyabrın 4-dən 8-dək davam edəcək yarışda batut gimnastikası üzrə qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov 50.250 xal toplayaraq yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Tamblinq üzrə təmsilçilərimiz də uğurlu çıxış ediblər. Tofiq Əliyev 59.500 xalla təsnifat mərhələsini lider kimi tamamlayaraq növbəti mərhələyə yüksəlib. Mixail Malkin isə 57.100 xalla dördüncü pillədə qərarlaşıb və ikinci təsnifat mərhələsində iştirak etmək hüququ qazanıb.

İlk dəfə böyüklər arasında Dünya çempionatında çıxış edən Aleksey Karataşov da 54.400 xalla ikinci təsnifat mərhələsinə vəsiqə əldə edib.

Komanda yarışlarında da Azərbaycan gimnastları uğurlu nəticəyə imza atıblar. Tamblinq üzrə milli komandamız ümumilikdə 87.200 xal toplayaraq təsnifatı birinci pillədə başa vurub və final mərhələsinə yüksəlib.

Qeyd edək ki, tamblinq üzrə yığmamızın heyətində komanda hesabında ikiqat dünya çempionları Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov yer alırlar.

Batut gimnastikası üzrə Azərbaycanı qarışıq sinxron proqramda 2026-cı il Dünya kuboku seriyasının qalibləri Selcan Mahsudova və Maqsud Mahsudov, kişi sinxron proqramında isə eyni titula sahib olan Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil edirlər.

Noyabrın 5-də batut gimnastikası üzrə fərdi proqramlarda mübarizə başlayacaq. Selcan Mahsudova və Maqsud Mahsudov bu yarışlarda da ölkəmizi təmsil edəcəklər.

İdman.Biz