Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğunu qazanacaq? - İDMAN.BİZ-in İCMALI

4 Noyabr 2026 13:44
63
Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğunu qazanacaq? - İDMAN.BİZ-in İCMALI

Bu gün, 4 noyabrda Çinin Nankin şəhərində batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatı start götürür. Turnir kişilərin tamblinq və qarışıq sinxron tullanma yarışlarının təsnifat mərhələləri ilə başlayır.

İdman.Biz xəbər verir ki, tamblinq yarışlarında Azərbaycanı Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov təmsil edəcəklər. Bu yaxınlarda Portuqaliyada keçirilən Avropa çempionatında gümüş medal qazanan son iki dünya çempionatının qalibləri Nankinə yenidən zirvəyə yüksəlmək məqsədilə yollanıblar.

Ardıcıl üçüncü dünya çempionluğu hədəfi

Azərbaycanın kişilərdən ibarət tamblinq millisi artıq ikiqat dünya çempionudur. Komanda ilk dəfə 2023-cü ildə Birmingemdə keçirilən dünya çempionatında qızıl medal qazanıb. 2025-ci ildə İspaniyanın Pamplona şəhərində bu uğur təkrarlanıb. 2024-cü ildə isə dünya çempionatı keçirilməyib.

Komandanın əsas heyəti sabitliyi ilə seçilir. Mixail Malkin, Tofiq Əliyev və Adil Hacızadə əvvəlki iki dünya çempionluğunda iştirak ediblər. Heyətdə yeganə dəyişiklik Aleksey Karataşovun komandaya qoşulmasıdır.

Fərdi yarışlarda Azərbaycanın əsas medal ümidi Mixail Malkindir. O, 2023-cü ildə ölkəyə bu növdə ilk dünya çempionluğu qazandırıb. Bundan əvvəl, 2021-ci ildə Bakıda keçirilən dünya çempionatında gümüş medala sahib çıxıb.

Son Avropa çempionatında medalsız qalan Malkin qısa müddətdə əvvəlki formasını bərpa edə bilib. Portuqaliyanın Koimbra şəhərində keçirilən Dünya Kuboku mərhələsində o, son dərəcə mürəkkəb elementi - bükülü vəziyyətdə üçqat salto ilə “Miller” və “full” fırlanma kombinasiyasını yarış şəraitində dünyada ilk dəfə yerinə yetirib.

Bu element Malkinə turnirin qızıl medalını qazandırmaqla yanaşı, Dünya Kubokunun ümumi sıralamasında da birinciliyi təmin edib.

Həmin yarışda Tofiq Əliyev bürünc medal qazanıb. Aleksey Karataşov isə paralel keçirilən “Coimbra GymFest” turnirində komanda hesabında qızıl, fərdi yarışda bürünc medala sahib çıxıb.

Tamblinqdə medallar necə müəyyənləşəcək?

Fərdi tamblinq yarışlarında hər gimnast iki akrobatik keçid yerinə yetirir və onların xalları toplanır. 46 iştirakçı arasından ən yaxşı nəticə göstərən 16 gimnast ikinci təsnifat mərhələsinə (Q2) yüksəlir.

Buradan səkkiz idmançı ilk finala vəsiqə qazanır. Son dördlük isə medallar uğrunda mübarizə aparır.

Milli kvota məhdudiyyəti də mövcuddur. İkinci təsnifat mərhələsinə bir ölkədən maksimum üç, finala isə ən çox iki gimnast yüksələ bilər. Bu səbəbdən Azərbaycan təmsilçilərinin hamısı ilk 16-lığa düşsə belə, mübarizəni yalnız üçü davam etdirə biləcək.

Komanda yarışlarında finalçılar ilk təsnifat mərhələsinin nəticələrinə əsasən müəyyənləşir. Finalda hər komandadan üç gimnast çıxış edir və qalib üç final raundunda toplanan reytinq xallarının cəminə görə müəyyənləşdirilir.

Selcan Mahsudovanın tarixi medal şansı

Batut gimnastikasında dünya çempionatı qarışıq sinxron tullanma yarışları ilə başlayır.

Bu növ dünya çempionatının proqramına ilk dəfə 2025-ci ildə daxil edilib. Həmin yarışda bacı-qardaş Maqsud və Selcan Mahsudovlar tarixi bürünc medal qazanıblar.

Noyabrın 5-də hər iki idmançı fərdi yarışların təsnifat mərhələsində mübarizəyə qoşulacaq.

Azərbaycan batut gimnastikasının fərdi yarışlarında indiyədək dünya çempionatı medalı qazanmayıb. Bu uğura ən çox yaxınlaşan idmançı isə Selcan Mahsudovadır.

O, 2025-ci il dünya çempionatında beşinci yeri tutaraq Azərbaycan batut gimnastikası tarixinin ən yaxşı fərdi nəticəsinə imza atıb. Mahsudova həm də bu idman növündə ölkəni Olimpiya Oyunlarında təmsil edən ilk gimnastdır.

Azərbaycanlı idmançı dünya rekordunun da sahibidir. O, 2025-ci ildə Almaniyada keçirilən Dünya Kuboku mərhələsində bir kombinasiya daxilində dörd üçqat saltonu uğurla yerinə yetirən ilk qadın gimnast olub.

Noyabrın 6-da isə kişilərin sinxron tullanma yarışları başlayacaq. Azərbaycanı burada Maqsud Mahsudov və Hüseyn Abbasov dueti təmsil edəcək. Abbasov üçün bu, çempionatdakı yeganə yarış olacaq.

Dünya Kubokundakı uğurlar ümidləri artırır

Azərbaycan batut gimnastları dünya çempionatına uğurlu nəticələrlə yollanıblar.

Oktyabrda Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kuboku mərhələsində Selcan Mahsudova fərdi yarışlarda qızıl medal qazanıb. O, qardaşı Maqsudla birlikdə qarışıq sinxron tullanma yarışlarında da birinci olub.

Mövsümün yekunlarına əsasən, Maqsud və Selcan Mahsudovlar qarışıq sinxron tullanma üzrə Dünya Kubokunun ümumi qalibi adını qazanıblar. Maqsud Mahsudov və Hüseyn Abbasov dueti isə kişilərin sinxron tullanma yarışlarında ümumi sıralamanı birinci pillədə tamamlayıb.

Fərdi batut gimnastikasında təsnifat sistemi tamblinqdən fərqlənir. İlk mərhələdə gimnastlar iki proqram yerinə yetirirlər, lakin yalnız ən yüksək qiymət nəzərə alınır.

Kişilərdə 95, qadınlarda isə 73 iştirakçı arasından ən yaxşı nəticə göstərən 24 gimnast ikinci təsnifat mərhələsinə yüksəlir. Buradan səkkiz idmançı finala vəsiqə qazanaraq medallar uğrunda yarışır.

Azərbaycanı Nankində nə gözləyir?

Azərbaycanın tamblinq millisi dünya çempionatına əsas favoritlərdən biri kimi qatılır. Komandanın heyətində iki dünya çempionluğunun iştirakçılarının yer alması, Mixail Malkinin Dünya Kubokundakı uğuru və digər gimnastların son nəticələri ardıcıl üçüncü qızıl medal üçün ciddi əsas yaradır.

Bununla belə, Avropa çempionatında qazanılan gümüş medal rəqabətin kifayət qədər güclü olduğunu göstərir.

Batut gimnastikasında isə əsas diqqət Selcan Mahsudovanın fərdi çıxışına yönələcək. Onun son nəticələri Azərbaycan üçün bu növdə ilk dünya çempionatı medalının qazanılması ehtimalını artırır.

Beləliklə, Nankin-2026 Azərbaycan gimnastikası üçün iki tarixi hədəflə yadda qala bilər: tamblinqdə ardıcıl üçüncü dünya çempionluğu və batut gimnastikasında ilk fərdi medal.

Qeyd edək ki, dünya çempionatı noyabrın 8-də başa çatacaq.

İdman.Biz