Gimnastika üzrə iki ölkə birinciliyinə yekun vuruldu - FOTO

29 Oktyabr 2026 00:09
57
Gimnastika üzrə iki ölkə birinciliyinə yekun vuruldu

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə birincilikləri başa çatıb.

İdman.Biz xəbər verir ki, oktyabrın 27-28-də Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi keçirilib.

İki gün davam edən yarışlarda müxtəlif idman klublarının təmsilçiləri fərqli yaş kateqoriyaları və proqramlar üzrə qüvvələrini sınayıblar.

Son yarış günündə akrobatika gimnastikası üzrə kiçiklər, uşaqlar və yeniyetmələr qadın cütlükləri, qadın qrupları və qarışıq cütlüklərin tərkibində temp və qarışıq hərəkətlər proqramlarında çıxış ediblər.

Günün ikinci yarısında isə aerobika gimnastikası üzrə mübarizə davam etdirilib. Uşaqlar, yeniyetmələr və gənclər üçlüklər, qarışıq cütlüklər və qruplar proqramlarında bacarıqlarını nümayiş etdiriblər.

Hər iki gimnastika növündə yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimləri keçirilib. Müxtəlif yaş kateqoriyaları və proqramlar üzrə fərqlənən gimnastlara medal və diplomlar təqdim olunub.

İdman.Biz