ABŞ-nin ixtisaslaşmış "International Gymnast Magazine" nəşri Azərbaycan gimnastı Nikita Simonova həsr olunmuş müsahibə dərc edib. Nəşr Rotterdamda keçirilən dünya çempionatında onu medal uğrunda mübarizə apara biləcək idmançılar sırasında göstərib.
İdman.Biz xəbər verir ki, jurnalist Con Kramliş 30 yaşlı gimnastın zəngin beynəlxalq təcrübəsini xüsusi vurğulayıb. Simonov karyerası ərzində Dünya Kuboku və Dünya Çağırış Kuboku yarışlarında ümumilikdə 23 medal, həmçinin Avropa çempionatının gümüş medalını qazanıb.
Azərbaycan təmsilçisi halqalarla hərəkətlər üzrə dünyanın aparıcı gimnastlarından biridir. O, 2023-cü il dünya çempionatında beşinci, 2018-ci ildə isə yeddinci yeri tutub.
Müsahibəsində Simonov bildirib ki, builki dünya çempionatına hazırlıq zamanı kombinasiyalarını təkmilləşdirməyə və hərəkətləri daha dəqiq icra etməyə xüsusi diqqət yetirib.
Gimnastın sözlərinə görə, texniki icraya görə yüksək qiymətlər qazanmaq çoxillik təcrübənin və hərəkətlərin ən xırda detallarının üzərində davamlı işləməyin nəticəsidir. O qeyd edib ki, mürəkkəb elementi yerinə yetirmək bir çox idmançı üçün mümkün olsa da, onu demək olar ki, qüsursuz icra etmək daha çətindir.
Simonov Azərbaycan gimnastikasının tanınmış simalarından biri olması barədə də fikirlərini bölüşüb. O bildirib ki, ölkədəki gənc gimnastlardan çoxsaylı dəstək mesajları alır və onlar üçün nümunə olmaqdan məmnunluq duyur. İdmançı beynəlxalq təcrübəsini artıran yeniyetmələrdən ibarət milli komandadan da böyük gözləntilərinin olduğunu vurğulayıb.
Simonovun fikrincə, Azərbaycanda gimnastikanın daha da inkişafı üçün yalnız texniki hazırlığa deyil, idmançıların psixoloji dayanıqlığına da diqqət yetirilməlidir. Onun sözlərinə görə, səhvlərdən qorxmamaq və uğursuzluqlardan sonra mübarizəni davam etdirmək bacarığı idmanda uğur qazanmaq üçün mühüm əhəmiyyət daşıyır.
Gimnast karyerasının ən əlamətdar nailiyyətlərindən biri kimi 2024-cü ildə İtaliyanın Rimini şəhərində keçirilən Avropa çempionatının gümüş medalını qeyd edib. Onun sözlərinə görə, həmin yarışda dünyanın ən güclü halqa ustaları ilə rəqabət aparmaq ona dəyərli təcrübə qazandırıb.
Bununla belə, Rotterdamda keçirilən builki dünya çempionatında Simonov finala yüksəlmək şansını cüzi fərqlə əldən verib. Oktyabrın 18-də başa çatan halqalar üzrə təsnifat mərhələsində Azərbaycan təmsilçisi 13,900 xal toplayaraq doqquzuncu yeri tutub.
Finala sonuncu vəsiqəni 14,033 xalla Yunanıstan təmsilçisi Elefterios Petrunias qazanıb. Beləliklə, Simonova dünyanın ən güclü səkkiz gimnastı sırasına düşmək üçün cəmi 0,133 xal çatmayıb.
Azərbaycanlı gimnast oktyabrın 24-də keçiriləcək final yarışlarının ilk ehtiyat iştirakçısı olub.
