Fəvvarələr meydanında gimnastika şousu: 900 iştirakçı, 60 komanda - FOTO

14 İyun 2026 18:42
112
Fəvvarələr meydanında gimnastika şousu: 900 iştirakçı, 60 komanda - FOTO

Paytaxt Bakının Fəvvarələr meydanında təşkil olunan “Gimnastika hamı üçün” dördüncü Bakı beynəlxalq festivalı bu gün başa çatıb.

İdman.Biz xəbər verir ki, artıq ənənə halını alan tədbir bu il beynəlxalq statusda keçirilib və həm paytaxt sakinlərinin, həm də xarici qonaqların böyük marağına səbəb olub.

Festivalın sonuncu günündə ilk mərhələdə uğurla çıxış edərək birinci yerlərə layiq görülən komandalar xüsusi şou proqramlarını nümayiş etdiriblər. Meydanda ustad dərsləri, müxtəlif yaş qrupları üçün əyləncə proqramları və rəngarəng komanda çıxışları təşkil olunub.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə açıqlamasında festivalın yalnız Bakı ilə məhdudlaşmadığını bildirib.

“Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan iştirakçılarla yanaşı, Türkiyə, Gürcüstan və Litvadan gələn komandalar da çıxış edirlər. Bu isə idman və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir”, - deyə o bildirib.

Federasiya rəsmisinin sözlərinə görə, “Gimnastika hamı üçün” növünün əsas üstünlüklərindən biri hər kəs üçün əlçatan olmasıdır.

“Bu istiqamətdə iştirak etmək üçün xüsusi peşəkar hazırlıq tələb olunmur. Festival gimnastikanın həqiqətən də hər yaşdan insan üçün uyğun olduğunu nümayiş etdirir. İştirakçılar arasında beş yaşdan kiçik uşaqlar da, 60 yaşdan yuxarı şəxslər də var. Bu da onu göstərir ki, gimnastika təkcə yüksək səviyyəli yarışlarla deyil, eyni zamanda sağlam həyat tərzinin təşviqi ilə də bağlıdır”, - deyə Nurlana Məmmədzadə vurğulayıb.

Baş katib festivalın ildən-ilə böyüdüyünü də diqqətə çatdırıb. İlk illərdə təxminən 300 iştirakçının qatıldığı tədbirdə bu il 900-ə yaxın idmançı yer alıb. Festival çərçivəsində 60 komanda müxtəlif proqramlarla çıxış edib.

Nurlana Məmmədzadə bildirib ki, çıxışların saatlarla davam etməsinə baxmayaraq, tamaşaçıların marağı yüksək olaraq qalıb. Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində “Gimnastika hamı üçün” bölmələrinin sayı artır və bu istiqamətə maraq getdikcə genişlənir.

Federasiya rəsmisi Bakı sakinləri və şəhərin qonaqlarının festivala yalnız idman tədbiri kimi deyil, maraqlı asudə vaxt imkanı kimi də yanaşdıqlarını qeyd edib.

“İnsanlar ailələri və uşaqları ilə birlikdə tədbirə qatılır, həm iştirakçıları dəstəkləyir, həm də rəngarəng və dinamik şou proqramlarını izləyərək xoş vaxt keçirirlər. Bu cür layihələr cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə və idmana marağın artırılmasına xidmət edir”, - deyə o bildirib.

Festivalın yekununda fərqlənən komandalar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Beləliklə, Bakının mərkəzində iki gün davam edən gimnastika bayramına rəngarəng çıxışlar və qala proqramı ilə yekun vurulub.

İdman.Biz