“Ümid edirik ki, həm akrobatika, həm də aerobika gimnastikası üzrə idmançılarımız uğurlu çıxış edəcək və doğma arenada öz proqramlarını layiqincə təqdim edəcəklər”.
İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Milli Gimnastika Arenasında keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kuboku mərhələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu növlərdə çıxış edən idmançıları böyük beynəlxalq təcrübəyə malikdirlər:
“Məlum olduğu kimi, akrobatika gimnastikası üzrə dünya çempionlarımız və dünya çempionatlarının mükafatçıları var. Aerobika gimnastikasında da beynəlxalq turnirlərdə yüksək nəticələr qazanan idmançılar çıxış edirlər”.
O vurğulayıb ki, böyüklərin iştirak etdiyi Dünya Kuboku mərhələsi ilə paralel olaraq yeniyetmələr və gənclər arasında beynəlxalq turnir də keçirilir.
“Beynəlxalq turnir ona görə təşkil olunub ki, gənc idmançılarımız böyük yarışların atmosferini hiss etsinlər və əlavə yarış təcrübəsi qazansınlar”, - deyə baş katib bildirib.
Məmmədzadə xatırladıb ki, akrobatika gimnastikası üzrə Dünya Kuboku ilk dəfə Azərbaycanda 2018-ci ildə keçirilib. Bundan sonra ölkəmiz bu yarışlara yenidən ev sahibliyi edib. Aerobika gimnastikası üzrə Dünya Kuboku isə ilk dəfə Azərbaycanda təşkil olunur.
“Bir turnir çərçivəsində eyni vaxtda bir neçə gimnastika növünün keçirilməsi xüsusi ab-hava yaradır və təkcə idmançılar üçün deyil, məşqçilər və hakimlər üçün də yeni təcrübəyə çevrilir”, - deyə o əlavə edib.
Qeyd edək ki, yarışlar üç gün davam edəcək. İlk iki gündə təsnifat mərhələsinin çıxışları keçiriləcək, bazar günü isə finallar baş tutacaq. Akrobatika gimnastikası üzrə Dünya Kuboku mərhələsində 150-dən çox, aerobika gimnastikası üzrə yarışlarda isə 100-ə yaxın idmançı iştirak edir. Onlar 14 ölkəni təmsil edirlər.
