Fərid Qayıbov: “Avropa turnirlərinin startını səbirsizliklə gözləyirik və Avropa Oyunlarının proqramı üzərində işləyirik”

3 Aprel 2026 11:58
165
Fərid Qayıbov: “Avropa turnirlərinin startını səbirsizliklə gözləyirik və Avropa Oyunlarının proqramı üzərində işləyirik”

Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov quruma aid ilin ilk rübünün yekunlarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, Fərid Qayıbov bildirib ki, ilin əvvəlindən Avropa Gimnastikasının yeni idarəetmə orqanları fəaliyyətə başlayıb.

“Növbəti dörd il ərzində ötən il keçirilmiş Konqresdə seçilən nümayəndələr müzakirələrə rəhbərlik edəcək və idman növümüzün inkişafı üçün zəruri qərarlar qəbul edəcəklər - həm bu gün, həm də gələcək üçün. Bu çərçivədə yeni dövrün ilk İcraiyyə Komitəsinin iclası Lozannadakı ofisdə keçirildi. Mövcud üzvlərin təcrübəsi ilə yeni üzvlərin cəlb olunması arasında balans taparaq əvvəlki dövrdə qəbul olunmuş “Strategiya-2030” sənədini müzakirə etdik və növbəti addımları müəyyənləşdirdik. Biz dörd strateji istiqamət üzrə – yarışlar, bilik və qorunma, marketinq və kommunikasiya, təşkilat və maliyyə sahələrində əldə olunmuş nəticələri inkişaf etdirmək niyyətindəyik”, – deyə Fərid Qayıbov Avropa Gimnastikasının saytında “Prezidentin qeydləri” rubrikasında bildirib.

Fərid Qayıbov vurğulayıb ki, gimnastika yenidən Avropa Oyunlarına qayıdır.

“Üzərində çalışdığımız ən maraqlı layihələrdən biri 2027-ci il Avropa Oyunlarıdır. Bununla bağlı İstanbulda Avropa Olimpiya Komitələrinin iclasında iştirak etdim. Ev sahibi Türkiyə və yerli təşkilat komitəsi gimnastika üçün ən yaxşı şəraiti təmin etməyə çalışır və yarış məkanları ilə proqramın yekun seçimi üzərində fəal işləyir. Qış Olimpiya Oyunlarında da Avropa Olimpiya Komitələrinin prezidenti Spiridon Kapralos ilə görüşərək hazırlıq məsələlərini müzakirə etdik. Hər şey ümidverici görünür, buna görə də tarixləri artıq qeyd edin: 16–27 iyun 2027-ci il!” – deyə o əlavə edib.

F. Qayıbov qeyd edib ki, bu yaxınlarda adı dəyişdirilən “World Gymnastics” təşkilatı bu ilin ilk İcraiyyə Komitəsi iclasını Las-Veqasda keçirib. Görüş zamanı bir sıra qaydalar yenilənib, 2028-ci il aerobika üzrə dünya çempionatının Misirdə keçirilməsi qərara alınıb, həmçinin məşqçilər və hakimlər mükafatlandırılıb. Eyni zamanda “American Cup” turnirində qarışıq komanda finalının yeni formatı təqdim olunub.

“Bu format Avropa modelindən bir qədər fərqlənir, lakin Olimpiya Oyunları öncəsi əla sınaq oldu”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu ildən parkur növünün inkişafı da daha fəal şəkildə aparılacaq. Avropa Gimnastikasının qurumları 2026–2027-ci illər üçün bu istiqamətdə işçi qrup yaradılıb və ona Avropa Gimnastikasının sabiq vitse-prezidenti, Beynəlxalq Gimnastika Federasiyasının parkur komissiyasının üzvü Mişel Butar rəhbərlik edəcək. Qrupa Avstriya, Belçika, İspaniya, Niderland və Portuqaliyadan nümayəndələr daxil olacaq. Qrupun məqsədi bu növün mövcud vəziyyətini və potensialını təhlil etmək, həmçinin 2027–2029-cu illər üçün hədəflər, büdcə və iş planı hazırlamaqdır.

Bundan əlavə, təşkilat bədii gimnastikada yeni yarış formatı - kros batl(bədii gimnastikada tətbiq olunan yeni yarış formatıdır – red.) barədə sənədli film üzərində çalışır. “Chasing Perfection: Inside the Crossbattle” adlı film ulduz gimnastlar Sofiya Raffaeli və Sofiya İvanovanın hazırlığını və ötən il Bakıda keçirilmiş Avropa Kubokundakı çıxışını əks etdirəcək.

Fərid Qayıbov qarşıdakı yarışları da anons edib:

“Gimnastikanın müxtəlif növləri üzrə mövsüm artıq Dünya Kuboku mərhələləri ilə başlayıb və biz öz turnirlərimizin startını səbirsizliklə gözləyirik. İlk yarış 8-12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərində keçiriləcək batut və tamblinq üzrə Avropa çempionatı olacaq. İlk dəfə olaraq burada yeniyetmələr və böyüklərlə yanaşı 21 yaşadək kateqoriya da çıxış edəcək. Daha sonra 30 aprel - 3 may tarixlərində Bakıda bədii gimnastika üzrə Avropa Kuboku mərhələsi, mayın sonunda isə Varnada Avropa çempionatı keçiriləcək. 2021-ci ildə olduğu kimi yarışlar Mədəniyyət və İdman Sarayında təşkil olunacaq, lakin bu dəfə COVID-19 məhdudiyyətləri olmayacaq və bu, idmançılarla tamaşaçılara yarış atmosferindən tam zövq almağa imkan verəcək".

İdman.Biz