Bədii gimnastika öz elementləri və zərifliyi ilə hər zaman diqqət çəkir. Gimnastın çıxışı izləyicini heyran edir, eyni anda bir neçə idmançı xalça üzərində çıxış etdikdə isə bu, sinxron hərəkətlərin valehedici mənzərəsini yaradır.
İdman.Biz Su İdmanı Sarayında bədii gimnastika üzrə baş məşqçi Nəzirə Fəradova ilə qrup hərəkətlərinin xüsusiyyətləri barədə söhbətləşib.
Onun sözlərinə görə, bəzi gimnastlar həm fərdi, həm də qrup çıxışlarında iştirak edir, digərləri isə yalnız komanda yarışlarına üstünlük verir: “Elə gimnastlar var ki, fərdi çıxışlar üçün kifayət qədər yaxşı hazırlaşa bilmirlər, amma qrup hərəkətlərində çox uğurlu olurlar və əksinə. Bəzən uşaqları gətirirlər və müəyyən vaxtdan sonra valideynlərə onları qrupa yönəltməyi tövsiyə edirəm. Bəziləri üçün komanda şəraitində işləmək daha rahat olur, alətlərlə texnika məhz qrup çıxışlarında daha asan mənimsənilir”.
Fəradova bildirib ki, kiçik yaş qruplarında əsas məqsəd vahid kollektiv formalaşdırmaqdır. Bu məqsədlə gimnastlar üçün birgə muzey, kino və müxtəlif ustad dərslərinə səfərlər təşkil olunur. Qızlar əlavə olaraq rəqs məşqlərinə də qatılırlar ki, komplekslərdən azad olsun və daha sərbəst çıxış etsinlər.
Məşqçi psixoloji hazırlığın vacibliyini də vurğulayıb: “Uşaqlara izah etmək lazımdır ki, kiminsə səhvinə görə incimək olmaz və uğursuzluqlara görə ruhdan düşməməlidirlər. Bu, çox uzun psixoloji prosesdir və yarışlardan xeyli əvvəl başlayır. Onlara başa salırıq ki, iştirakçı çoxdur, amma mükafat yerləri cəmi üçdür. Əsas olan medal deyil, layiqli çıxışdır”.
Onun sözlərinə görə, hər qrupda kapitan seçilir və digərləri ona hörmətlə yanaşır: “Kapitan olmaq üstünlük demək deyil, əksinə, daha böyük məsuliyyətdir. Uşaqlara bunu düzgün şəkildə izah edirik ki, bu, heç kimi digərlərindən üstün etmir”.

Nazirə Fəradovanın yetirmələri: Jasmın Qafarova, İnci Rəsulzadə, Nehir Soğukpınar, Miray Həsənəliyeva, Miray Salamzadə, Elif Hacıyeva.
Kişilərin xoreoqrafiyada dominantlığı
Qrup çıxışlarının hazırlanmasında məşqçi ilə yanaşı xoreoqraflar da mühüm rol oynayır. “Ocaq” idman klubunun xoreoqrafı Malik Həsənov bu sahədə artıq dörd ildir çalışır. Onun sözlərinə görə, bədii gimnastika xoreoqrafiyasında kişilər qadınlardan daha çoxdur.
“Mənim üçün əsas odur ki, gimnastlar çıxış zamanı özlərini rahat hiss etsinlər. Artistiklik, plastika, əl-ayaq hərəkətləri və elementlərin dəqiq icrası üzərində xüsusi işləyirəm. Bu baza olsa da, hər kəsin yanaşması fərqlidir”, - deyə o bildirib.
Həsənov qeyd edib ki, proqramın hazırlanmasında həm məşqçi, həm də xoreoqraf iştirak edir və musiqi seçimi xüsusi əhəmiyyət daşıyır: “Kompozisiyanın bizdən nə tələb etdiyini, hansı obrazı yaratmaq istədiyimizi birlikdə müəyyən edirik”.
Onun sözlərinə görə, musiqini adətən məşqçi seçir, lakin xoreoqrafın rəyi, gimnastın fiziki imkanları və artistik qabiliyyəti də nəzərə alınır.
“Yuxarı yaş qruplarında isə idmançıların öz fikirlərini də öyrənirik. Yaşa uyğun olmayan proqram və musiqinin seçilməsinin tərəfdarı deyilik. Çünki gənc gimnastlar ağır kompozisiyaları tam hiss edə bilmirlər”, - deyə mütəxəssis əlavə edib.

