Fərid Qayıbov: “Yeni hədəflərimizi Avropa Gimnastika Konqresinin əksər iştirakçıları bəyənib”

Xəbərlər
12 Dekabr 2023 19:27
119
Fərid Qayıbov: “Yeni hədəflərimizi Avropa Gimnastika Konqresinin əksər iştirakçıları bəyənib”

Avropa Gimnastikasının (AG) prezidenti Fərid Qayıbov rəhbərlik etdiyi qurumun saytında ənənəvi “Prezidentin qeydləri” rubrikasında son bir ayda qitə və dünya gimnastikasında baş verən maraqlı hadisələrə toxunub.

İdman.biz xəbər verir ki, AG rəhbəri əvvəlcə Antalyada keçirilən aerobika üzrə Avropa çempionatından danışıb.

O bildirib ki, bu, apreldə keçirilən idman gimnastikası üzrə Avropa çempionatından sonra keçirilən ikinci böyük yarış idi: “Türkiyə Gimnastika Federasiyası cari mövsümdə fəallığı ilə seçilib. Təşkilat Komitəsi ilə birlikdə il ərzində iki qitə çempionatını uğurla təşkil edib. 21 ölkədən idmançıların bir araya gəldiyi aerobika üzrə Avropa çempionatında zalda gözəl ab-hava hökm sürürdü. Biz gimnastların yüksək çıxışından razı qaldıq”.

Qayıbov Beynəlxalq Gimnastika Federasiyanın İcraiyyə Komitəsinin Dəkkədəki iclasında müzakirə edilən məsələlərə də toxunub. Nazirin sözlərinə görə, 2017-ci ildən Beynəlxalq Gimnastika Federasiyası (BGF) komitə iclaslarını gimnastikanın inkişaf mərhələsində olan ölkələrdə keçirir: "Banqladeş Gimnastika Federasiyası görüşü çox yaxşı təşkil edib. Bu ölkədə bizə göstərilən qonaqpərvərlik inanılmaz idi. Federasiyanın prezidenti cənab Əhməd Bəşirin səyləri sayəsində görüşlərimiz çox səmərəli oldu".

O qeyd edib ki, İcraiyyə Komitəsinin iclasları müzakirələrlə və mühüm qərarlarla zəngin olub: "2025-ci ildə Rio-de-Janeyroda keçiriləcək bədii gimnastika üzrə 41-ci dünya çempionatının paytaxtı müəyyənləşib. 2010-cu ildən dünya çempionatı, 2021-ci il istisna olmaqla, Avropada keçirilir. Bu dəfə isə çempionat Latın Amerikasında olacaq. İsraildə keçiriləcək akrobatika üzrə dünya çempionatı 2024-cü ildən 2026-cı ilə təxirə salınıb. 2024-cü il müsabiqəsində iştirak üçün tenderlər bərpa edilib. Biz, həmçinin gimnastika üzrə Dünya Kubokunun fərdi alətlər üzrə qaydaları, 2024-cü il Olimpiadası üçün gimnastika və batut gimnastikası üzrə yarışlara hakimlərin seçilməsi, vətəndaşlığın dəyişdirilməsi və digər məsələlərlə bağlı bəzi düzəlişləri təsdiqlədik”.

Nazir əlavə edib ki, Avropa Gimnastika Konqresi ərəfəsində Sofiyada qurumun İcraiyyə Komitəsinin iclası keçirilib. Orada texniki reqlamentə dəyişiklikləri təsdiqlənib və növbəti üç ildə bir sıra çempionatların keçiriləcəyi açıqlanıb.

45 ölkənin nümayəndələrinin iştirak etdiyi Konqreslə bağlı məlumat verən AG prezidenti bolqarıstanlı həmkarı ilə görüşdən məmnunluğunu ifadə edib: “Bolqarıstanın gənclər və idman naziri Dimitar İliyevi və Sofiya meri Vasil Terziyevi rəsmi açılışda görməkdən məmnun oldum. Bolqarıstan Gimnastika Federasiyasının prezidenti Krasimir Dunev (Avropa və dünya çempionu, olimpiya mükafatçısı) və baş katib İordan Yovçevin (Avropa və dünya çempionu, dəfələrlə Olimpiya mükafatçısı) rəhbərlik etdiyi Bolqarıstan Gimnastika Federasiyasına yüksək səviyyəli təşkilatçılığına görə minnətdarlığımı bildirirəm”.

Həmçinin, Qayıbov deyib ki, konqresdə bir il üzərində işlənilən Avropa Gimnastikası Strategiyası təqdim olunub: “O, bizim İcraiyyə Komitəsinin üzvləri tərəfindən ofislə sıx əməkdaşlıq şəraitində hazırlanıb. Layihə üzərində işləyərkən göstərdikləri səyə, fədakarlığa görə onların hər birinə minnətdaram. Təqdimatdan sonra federasiyaların nümayəndələri müsbət rəy bildirib, daha sonra detallar üzrə müzakirələr aparılıb. Biz həmişə hamımızın bildiyimiz problemlərdən danışırıq. Ancaq bəzən çıxış yolu tapmaq çətindir. Çətinliklərimiz var, amma optimist yanaşma ilə bunların hamısını həll etmək olar. Konqres iştirakçılarının əksəriyyəti bu hədəfləri bəyənib. Əsas odur ki, prioritetlərimizə qərar verək. Biz bunun üzərində mütləq işimizi davam etdirəcəyik və müəyyən layihələr həyata keçirməklə qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq”.

Onun sözlərinə görə, konqresdə digər maraqlı müzakirələr də aparılıb: “Konqresdə təcrübəli qonaqlarla gimnastların gələcək perspektivlərindən danışıldı. Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Nikolas Buompeynə, Avropa Su İdmanı Assosiasiyasının prezidenti Antonio Silvaya və Britaniya Gimnastikasının baş direktoru Sara Pauellə çıxışlarına və fəal iştiraklarına görə minnətdarlığımı bildirirəm. Avropa Atletikasının prezidenti Dobromir Karamarinovla ayrıca görüşüm oldu. Orada biz Avropa idmanının gələcəyini və bu idman növləri arasında əməkdaşlığı müzakirə etdik. Konqresdə maraqlı məruzələr də dinlənilib, əminəm ki, iştirakçılar üçün faydalı olacaq”.

Bu həftənin həddən çox məhsuldar olduğunu vurğulayan F.Qayıbov bildirib ki, görüşlər zamanı planlar haqqında danışılıb, fikir mübadilələri aparılıb: “Səmimi və isti mühitdə keçən görüşdə nümayəndələr öz fikirlərini rahatlıqla ifadə edə bildilər. Təbii ki, yaşadığımız çətinliklərdən danışdıq. Hamımızın aydın şəkildə gördüyümüz məqsədlərə çatmaq üçün narahatlığa heç bir əsas yoxdur”.

İdman.biz