Gəncə İdman Sarayında aerobika gimnastikası üzrə Avropa çempionatı start götürüb.
İdman.Biz xəbər verir ki, yarış gənclər və 15 yaşadək idmançılar arasında təşkil olunub və bununla Azərbaycan bu idman növündə ilk dəfə Avropa miqyaslı yarışa ev sahibliyi edir.
Çempionatda 20 ölkədən 380 gimnast iştirak edir. İdmançılar fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış edirlər. Yarışın ilk günündə təsnifat mərhələsi keçirilib və iştirakçılar öz kompozisiyalarını nümayiş etdiriblər. Arenada musiqi ilə vəhdət təşkil edən çıxışlar, rəqs nömrələri və şou proqramlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri, Avropa Gimnastikasının Prezidenti Fərid Qayıbov iştirakçıları Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Nazir şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək qazilərə sağlamlıq arzulayıb. O, Azərbaycanın gimnastika sahəsində qazandığı uğurların Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın idmana göstərdiyi xüsusi qayğı ilə birbaşa bağlı olduğunu vurğulayıb. Fərid Qayıbov, həmçinin, ölkəmizin belə nüfuzlu yarışlara ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb və bütün idmançılara uğurlar arzulayıb.
Hazırda yarışda Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycan gimnastları çempionluq uğrunda mübarizə aparırlar.
Çempionata 11 noyabrda yekun vurulacaq.
